Süni intellektin müasir vəziyyəti, inkişaf mərhələləri və tətbiqləri araşdırılıb Noyabr 02, 2018 | 10:56 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Süni intellekt: müasir vəziyyəti, inkişaf mərhələləri və tətbiqləri” mövzusuna həsr olunduğunu bildirdi.

Seminarda, həmçinin institutun ümumi işlər üzrə direktor müavini, 11 saylı şöbənin müdiri Şakir Mehdiyev və 3 saylı şöbənin müdiri Təhmasib Fətəliyev iştirak edirdi.

Məruzəni təqdim edən institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov süni intellektin (Artificial intelligence, AI) imkanlarından danışdı. Bildirdi ki, AI insan kimi düşünən və qərar qəbul edə bilən texniki qurğuların yaradılmasını, insan məntiqinin maşınlarda tətbiqini nəzərdə tutur: “Süni intellektin məqsədi insan təfəkkürünün formalaşdırılması model və metodlarının işlənilməsi, insanın edə biləcəyi əqli əməliyyatları insanlar kimi icra edə bilən intellektual proqram, sistem və robotların yaradılmasıdır”.

Məruzəçi süni intellektin yaranma tarixindən danışaraq qeyd etdi ki, süni intellekt ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən işlədilmiş və AI “maşınların intellektual edilməsi elmi və mühəndisliyi” kimi təyin edilmişdir.

M.Həşimov süni intellektin inkişaf mərhələləri, onun məhdudlaşdırılmış, ümumi, superintellekt kimi növləri, tədqiqat sahələri, ekspert sistemlər, neyron şəbəkələr, qeyr-səlis məntiq, təbii dilin emalı, robotexnika, maşın təlimi metodları, eləcə də Turing testi haqqında məlumat verdi.

AI-nin tətbiq sahələrindən danışan məruzəçi onun aviasiya, təhsil, səhiyyə, maliyyə, ağır sənaye, neyrocərrahiyə və digər sahələrdə tətbiq olunduğunu dedi.

O, həmçinin süni intellektin LİSP, Proloq, FRL və OPS proqramlaşdırma dilləri barədə məlumat verdi, AI-nin üstünlükləri və çatışmazlıqlarını diqqətə çatdırdı. M.Həşimovun sözlərinə görə, süni intellekt böyük vaxt tələb edən məsələlərin həllində effektivdir, yuxu və fasilə tələb etmədiyindən fasiləsiz işləyə bilir, xətaların baş vermə ehtimalı yoxdur, eləcə də kosmos və okeanın dərinliklərinin araşdırılmasında istifadə olunur. Bildirdi ki, AI-nin yüksək qiymət, insan əməyinə olan tələbatın aşağı düşməsi, süni intellekt proqramlarının bəd niyyətlə istifadə olunması kimi çatışmazlıqları mövcuddur.

Sonda məruzəçi süni intellektə dair proqnozları nəzərə çatdırdı: “2030-cu ilədək süni intellekt sahəsindən Çin iqtisadiyyatının gəliri hər il təxminən 60 milyard dollar təşkil edəcək. Həmin ilədək dünyada işləyən əhalinin üçdə biri, Yaponiyada isə təqribən yarısı yeni peşələr axtarmaq məcburiyyətində qalacağı təxmin edilir”. Bununla yanaşı, artıq “Google” şirkətinin Nyu-Yorkda, Torontoda, London və Sürixdən sonra Pekində beşinci süni intellekt elmi-tədqiqat mərkəzi fəaliyyətə başlayır.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı