Proqram təminatının verifikasiya, validasiya və sınaq metodları müqayisəli təhlil olunub İyun 08, 2018 | 02:00 / Konfranslar, iclaslar

Son illər proqram təminatının (PT) işlənilmə texnologiyalarının sürətli inkişafı proqramçı əməyinin məhsuldarlığını artırmışdır. PT-nin mürəkkəbliyinin artması onda mövcud olan səhvlərin sayının artmasına gətirib çıxarmışdır. Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Nuranə Abbasova 9 saylı şöbənin növbəti elmi seminarında çıxışı zamanı səsləndirdi.

Qeyd edək ki, tədbirdə 8 saylı şöbənin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, 10 saylı şöbənin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev də iştirak edirdilər.

“Proqram təminatının verifikasiya, validasiya və sınaq metodlarının araşdırılması və müqayisəli təhlili” mövzusunda məruzəni təqdim edən N.Abbasova PT-də mövcud olan ciddi səhvlərin insan həyatının itirilməsinə və ya infrastruktur şəbəkələrinin işində böyükmiqyaslı xətaların yaranmasına səbəb olduğunu vurğuladı. Məruzəçinin sözlərinə görə, bu kimi səhvlərə, ilk olaraq 1962-ci ildə “Mariner 1” kosmik aparatının idarəetmə sistemində yaranan və onun itirilməsi ilə nəticələnən səhvləri göstərmək olar: “Məhz bu hadisədən sonra ABŞ hərbi-hava qüvvələrinin idarəedici heyəti PT-nin işlənilmə prosesində proqram kodunun ekspertizasının aparılmasını qərara almışdır.

N.Abbasova qeyd etdi ki, müasir sistemlərin düzgünlüyünə və etibarlılığına təminat vermək üçün PT-nin həyat dövrünün müxtəlif mərhələlərində verifikasiya və validasiya metodlarından istifadə edərək mövcud səhvlər ardıcıl şəkildə aradan qaldırılır.

O, verifikasiyanın məqsədi barədə məlumat verərək onun PT-nin həyat dövrünün müxtəlif mərhələlərində xətaların aşkar edilməsi, yaradılan və ya müşayiət edilən proqram sisteminin daha kritik və səhvlərə daha çox meylli olan hissələrinin aşkarlanması, layihənin rəhbərlərinə və proqramı işləyənlərə növbəti işlərin planlaşdırılması, eyni zamanda layihənin davam etdirilməsi, dayandırılması və ya sifarişçiyə təhvil verilməsi barədə qərarın qəbul edilməsi üçün məlumat verilməsi imkanları yaratdığını diqqətə çatdırdı.

PT-nin verifikasiya metodlarının PT-nin xüsusiyyətlərinin qoyulan tələblərə uyğun gəldiyini təsdiq etmək üçün istifadə olunduğunu bildirən məruzəçi verifikasiyanın ekspertiza, statik analiz, dinamik analiz, formal metodlar, sintetik metodlarından danışdı. N.Abbasova PT-nin sınaq metodlarının isə, proqramın gözlənilən və real işi arasındakı uyğunluğu müəyyən etdiyini və seçilmiş testlər dəsti əsasında müəyyən qaydada həyata keçirildiyini dedi: “Sınaq verifikasiyanın dinamik analiz metodlarına aiddir, o PT-nin bütün həyat dövründə müxtəlif səviyyələrdə aparılır. Sınağın səviyyəsi onun ayrı-ayrı komponentlərə, bir qrup birləşmiş komponentə və ya bütövlükdə sistemə tətbiq ediləcəyini müəyyən edir”.

Məruzəçi sınaq metodlarının növləri haqqında ətraflı məlumat verdi, bu metodun yoxlanılan elementlərin səviyyəsi, miqyası, məqsədi, sınaq meyarları və sınaq mərhələlərinə görə təsnifatlaşdırıldığını bildirdi. O, həmçinin test prinsipləri və test liderinin rolları və öhdəliklərini təqdim etdi.

Çıxışının sonunda məruzəçi bildirdi ki, proqram təminatında verifikasiya və  sınaq metodlarından istifadə edilməsi proqramda olan səhvlərin vaxtında aşkarlanmasına və onun keyfiyyətinin yüksəldilməsinə səbəb olur. Qeyd etdi ki, buna baxmayaraq, bütün səhvləri aradan qaldıran metod hələ ki, mövcud deyil.  

PT-nin keyfiyyətinin yüksəldilməsi üçün yüksək biliyə və təcrübəyə sahib olan mütəxəssislərə ehtiyac duyulduğunu söyləyən N.Abbasova Azərbaycan ali təhsil müəssisələrində proqram mühəndisliyi fənni üzrə verifikasiya və sınaq metodlarının da tədris olunmasının zəruriliyini qeyd etdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Müzakirələrdə şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov, dos. Əlövsət Əliyev, dos. Firudin Ağayev, institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, instititun baş mütəxəssisi Tamilla Bayramova və digərləri iştirak etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı