Məsumə Hüseyn qızı Məmmədova 1951-ci ildə anadan olmuşdur. 

1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 

1973-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun «Neft-kimya proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi» şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 

1977-1980 illərdə Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunun məqsədli aspiranturasında oxumuşdur (Kiyev şəhəri). 1983-cü ildə SSRİ EA Ümumittifaq Elmi-Texniki İnformasiya İnstitutunda 05.25.01 ”İnformasiya sistemləri və prosesləri” ixtisası üzrə ”Terminoloji lüğətlərin analizi əsasında informasiya-axtarış tezaurusuna leksikanın avtomatlaşdırılmış seçilib daxil edilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş (Moskva şəhəri) və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 

1981-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunda “Tətbiqi dilçilik'” şöbəsində elmi işçi vəzifəsində çalışmış, süni intellektin əsas istiqamətlərindən biri olan təbii dillərin avtomatik emalı problemlərini tədqiq etmişdir.

1987-ci ildən Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsinə (1997-ci ildən İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, 2002-ci ildən isə İnformasiya Texnologiyaları İnstitutu adlanır) köçürülmüş və mühəndis, qrup rəhbəri vəzifələrində işləmişdir. 1993-cü ildən indiyə kimi burada şöbə müdiri vəzifəsində çalışır.

1996-cı ildə baş elmi işci elmi adı almışdır. 

1999-cu ildə Bakı Dövlət Universitetində 05.13.14 “Xüsusi təyinatlı sistemlər, məlumatların işlənməsi və idarə edilməsi” ixtisası üzrə “Qeyri-səlis relyasion strukturlu biliklərin emalı texnologiyasının əsasları və onun bəzi tətbiqləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir, texnika elmləri doktorudur.

2001-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. 

2010-cu ildə professor elmi adı almışdır. 

2017-ci ildə “İnformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

Hal-hazırda institutda şöbə müdiri vəzifəsində çalışır. 

Tədqiqat maraqları:

Süni intellekt, qeyri-səlis məntiq, qərarların qəbulu, intellektual idarəetmə, kompyüter dilçiliyi, obrazların tanınması, insan resurslarının idarə olunması, e-tibb, sosial şəbəkələr, е-tibbi demoqrafiya.

 Əsas elmi nəticələri:

  • Minimal leksik tərkibli və məqbul axtarış nəticəsini təmin edən informasiya-axtarış tezaurusun formalaşdırılması üçün yeni konseptual yanaşma və optimallaşma metodu işlənilmişdir.
  • Tibbi sosial şəbəkələrin növləri, istiqamətləri və təyinatı tədqiq edilmiş,  əsas subyektləri müəyyənləşdirilmiş; istifadəçilər maraq dairələrinə görə seqmentləşdirilmiş və onlar arasında qarşılıqlı münasibətlərın xarakteri təyin edilmişdir.
  • Azərbaycan dilinin terminoloji verilənlər bankının arxitekturası işlənmiş, istifadəçi və informasiya sistemləri üçün nəzərdə tutulmuş xüsusi təyinatlı izahli, terminoloji, avtomatik lüğətlərin, informasiya-axtarış tezauruslarının tərtibi, təhlili və korreksiyası modelləri və metodları təklif edilmişdir.
  • Azərbaycan dilli mətnlərin avtomatik emalı və redaktəsi üçün müxtəlif dil səviyyələrində (morfoloji, sintaktik, semantik) biliklər bazası, məntiqi çıxarış üsulları və ekspert sisteminin sintezi texnologiyası işlənmişdir.
  • Qeyri-səlis relyasion strukturlu biliklərin emalı texnologiyasının nəzəri, metodoji və tətbiqi əsasları işlənmiş, paylanmış mühitdə biliklər bazasının  təşkilinin arxitektur prinsipləri təklif edilmiş, fraqmentlər üzrə paylanmış qeyri-səlis relyasion strukturlu biliklər bazası əsasında qərarların qəbul edilməsi metodları işlənilmişdir.
  • Lokal və paylanmış mühitdə adaptiv biliklər bazasının sintezi əsasında təşkilat-idarəetmə sistemlərində fərdi və kollektiv qərarların qəbul edilməsi metodları təklif edilmiş, elmi-təşkilati fəaliyyətdə qərarların qəbulunu dəstəkləyən AZEREKS ekspert sistemi işlənilmiş və bu sistemə müəlliflik şəhadətnaməsi alınmışdır.
  • Qeyri-səlis relyasion strukturlu biliklər bazasının sintezi əsasında texnoloji proseslərin intellektual  idarə olunması modeli işlənilmiş, idarəetmə qaydalarının modifikasiyasına və onların sonrakı təshihinə imkan verən biliklər bazasının adaptasiyası metodları  təklif edilmişdir.
  • Pilotaj texnikasının intellektual idarə olunması üçün uçuş informasiyasının emalı texnologiyası işlənilmış, dinamik biliklər bazasının sintezi prinsipləri, pilotaj fiqurlarının tanınması və uçuş tapşırığının icra keyfiyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlər təklif edilmişdir.
  • Əhalinin demoqrafik indikatorlarının proqnozu metodu təklif edilmiş və intellektual demoqrafik proqnoz sistemi işlənmişdir.
  • Müxtəlif sosial qruplar üzrə əhalinin gəlirlərinin qiymətləndirilməsi metodları təklif edilmiş, əmək bazarının çoxfaktorlu təhlili və perspektiv inkişaf meyllərinin proqnozu metodu işlənilmişdir.
  • İnformasiya texnologiyaları seqmentində insan resurslarının  intellektual  idarə olunmasının konseptual və elmi-metodoloji əsasları işlənmiş, tələb və təklifi xarakterizə edən funksional komponentlər və indikatorlar sistemi müəyyənləşdirilmiş, İT-mütəxəssislərə tələb və təklif vektorlarının qarşılıqlı əlaqəsini və resurs axınlarının hərəkəti mənbələrini əks etdirən intellektual idarəetmə sisteminin transaksiya modeli işlənilmişdir.
  • İT-mütəxəssislər bazarının intellektual idarə olunması sistemində çoxmeyarlı qərarların qəbulunun dəstəklənməsi üçün qeyri-səlis çoxssenarili yanaşma təklif edilmişdir.
  • Iyerarxik idarəetmə səviyyələrində İT-mütəxəssislər əmək bazarında tələb və təklifin kəmiyət və keyfiyyət prizmasından uyğunlaşdırılması qərarlarının dəstəklənməsi üçün qeyri-səlis situasiya analizi, obrazların tanınması, qeyri-səlis uyğunsuzluq şkalasına əsaslanan model və metodlar işlənmişdir.
  • Əşyaların İnterneti texnologiyaları əsasında yüksək riskli obyektlərdə çalışan personalın fiziki vəziyyətinin və coğrafi koordinatlarının monitorinqi sisteminin konsepsiyası və arxitektur- texnoloji prinsipləri işlənilmişdir.
  • E-dövlətin insan resurslarının idarə olunması infrastrukturunda paylanmış qərarların qəbulunu intellektual dəstəkləyən model və metodlar işlənilmişdir.
  • Əmək bazarı ekosistemində tələb və təklif arasında struktur disbalansın təyini üçün  ekspert bilikləri və üstünlük münasibətlərinə əsaslanan qeyri-səlis çoxkriterialı qiymətləndirmə metodları işlənilmişdir.
  • IoT texnologiyası əsasında yüksək riskli obyektlərdə çalışan işçilərin sağlamlığının idarə olunması üçün paylanmış intellektual sistemin konsepsiyası və arxitektur-texnoloji prinsipləri işlənilmişdir (dəniz neft-qaz sənayesinin nümunəsində).
  • Sosial media resursları əsasında kütlə rəyini nəzərə almaqla tibbi qərarların qəbulu üçün yeni informativ parametrlər təklif edilmişdir.
  • İndustry 4.0 şəraitində əmək bazarının intellektual idarə olunmasına metodoloji yanaşma təklif olunmuş, əmək bazarında peşə qruplarının və ixtisasların prioritetliyinin təyini üçün çoxkriteriyalı qərar qəbulu metodları işlənilmiş, prioritetlər üzrə tələb və təklifin uyğunlaşdırılması qeyri-səlis obrazların tanınması məsələsinə gətirilərək həll edilmişdir.
  • Hepatosellular karsinomanın mərhələlərinin təyini üçün qərarların qəbulunu dəstəkləyən intellektual sistemin konseptual modeli təklif olunmuş, biliklərin təsvirinin qeyri-səlis qaydaları formalaşdırılmış, sistemin arxitektur-texnoloji fəaliyyət prinsipləri işlənilmiş və reallaşdırılması həyata keçirilmişdir.
  • E-tibb mühitində tibbi-demoqrafik proseslərin intellektual idarə olunmasının metodoloji prinsipləri işlənilmişdir.

M. Məmmədova 328 elmi əsərin, o cümlədən 11 monoqrafiya, 6 kitab, broşür və xüsusi təyinatlı lüğətlərin müəllifidir. Bunlardan 177-i xaricdə çap olunmudur.

1 elmlər doktoru və 10 fəlsəfə doktoru hazırlamışdır.

2021-ci ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmişdir.

Prezident İlham Əliyevin 3 noyabr 2015-ci il  tarixli  Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilmişdir.

Prezident İlham Əliyevin 14 dekabr 2009-cu il tarixli Sərəncamı ilə  Azərbaycanda informasiya texnologiyalarının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

2005-ci ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmişdir.

Elmi əsərləri haqqında məlumat

Xidməti tel.: (+994 12) 539 97 39
Elektron poçtu: depart_11@iit.science.azmmg51@mail.ru 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı