AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, baş mühəndis Şakir Mehdiyev və texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayevanın müəllifi olduqları “Aşağı hasilatlı neft quyularında ştanqlı nasosların intellektual idarə olunması” (“Smart Orchestration of Sucker Rod Pumps in Low-Production Wells”) mövzusunda tədqiqat işi “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda VI beynəlxalq konfransda (PCI 2025) müzakirə olunub.
Məruzəni Ş. Mehdiyev təqdim edərək qeyd edib ki, qlobal “yaşıl keçid” prosesinə və aparıcı ölkələrin səylərinə baxmayaraq, neftə olan tələbat artmaqda davam edir. Müasir dövrdə neft təkcə enerji resursu deyil, həm də iqtisadi və siyasi təsir vasitəsidir. Buna görə hasil edilən hər barel neft ölkələrin iqtisadi müstəqilliyinə və milli suverenliyinə birbaşa töhfə verir. Bu baxımdan, neft hasilatının səmərəliliyinin, dayanıqlılığının və etibarlılığının artırılması strateji əhəmiyyət kəsb edir.
"Ştanqlı nasos qurğuları bir çox ölkələrdə, xüsusilə neft yataqlarının sonrakı istismar mərhələlərində geniş tətbiq olunur. Bununla yanaşı, onların enerji tutumlu fəaliyyəti enerji sisteminə əlavə yüklənmələr gətirir və istismar prosesində bir sıra çətinliklər yaradır", – deyə tədqiqatçı əlavə edib.
O bildirib ki, tədqiqatda kiberfiziki sistemlər (CPS), rəqəmsal əkizlər və Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında intellektual idarə olunma modeli işlənilib. Təklif olunan modelin 100 neft quyudan ibarət olan virtual neft yatağı əsasında simulyasiyası aparılıb. Bu yanaşma həmin yatağın pik enerji istehlakını təqribən 22% azaldır, ümumi hasilatı təxminən 10% artırır və məhdud enerji resursları şəraitində sistemin işləmə sabitliyini qoruyur.
Aparılmış tədqiqat göstərir ki, statik idarəetmədən adaptiv idarəetmə sistemlərinə keçid aşağı hasilatlı quyuların istismarında enerji səmərəliliyini yüksəldə və avadanlıqların istismar müddətini uzada bilər. Bundan əlavə, bu yanaşma neft-qaz sənayesində rəqəmsallaşma və proqnozlaşdırıcı texniki xidmət sistemlərinin tətbiqi üçün yeni imkanlar açır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.