Hepatosellülyar karsinomanın müalicə seçimi üçün kliniki qərarları dəstəkləyən sistem işlənilir

10 Sentyabr 2025 - 16:21 | Konfranslar, İclaslar
Hepatosellülyar karsinomanın müalicə seçimi üçün kliniki qərarları dəstəkləyən sistem işlənilir

AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü Nuru Bayramov, baş elmi işçi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, böyük elmi işçi Minarə Manaflı və Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı Mehriban Hüseynovanın həmmüəllifi olduqları “Hepatosellülyar karsinomanın müalicə seçimi üçün kliniki qərarları dəstəkləyən sistem” (Clinical Decision Support System for Hepatocellular Carcinoma Treatment Selection) mövzusunda tədqiqat işi “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda VI beynəlxalq konfransda (PCI 2025) müzakirə olunub.

Məruzəni texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova təqdim edərək bildirib ki, tədqiqat çərçivəsində xərçəng xəstəlikləri arasında rastgəlmə tezliyinə görə 5-6-cı yerdə olan hepatosellülyar karsinomanın (HSK) ilkin müalicə seçimi ilə bağlı həkim qərarlarını dəstəkləyən intellektual sistemin yaradılması alqoritmi işlənilmişdir. Onun sözlərinə görə, HSK çoxlu sayda parametrlərlə təyin edilir. Onların ala biləcəyi qiymətlərə görə yaranan kliniki situasiyalar əsasında HSK-nın müalicəsində mərhələli klassik yanaşmaya görə rezeksiya, transplantasiya, ablasiya, embolizasiya, sistemik və simptomatik müalicə seçilir.

Dos. Z.Cəbrayılova qeyd edib ki, giriş parametrlərinin çoxluğu, mürəkkəbliyi, kəmiyyət və keyfiyyət xarakterli olması HSK-nın müalicə seçimini çətin formalizə olunan məsələ kimi səciyyələndirir və onun həlli üçün intellektual sistemin işlənilməsini aktuallaşdırır: “Bu məqsədlə HSK-nın fərdi müalicə seçimi üçün multidissiplinar konsiliumda toplanan həkim biliklərinin intellektual sistemin bilik bazasına inteqrasiyası məsələsi həll edilmiş, sistemin arxitektur komponentlərinin iş prinsipi və reallaşdırılması alqoritmi  işlənilmişdir”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.