Ölkələrin beynəlxalq səviyyədə kibertəhlükəsizliyinin təmin edilməsi vəziyyətinin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparılır

10 Sentyabr 2025 - 16:21 | Konfranslar, İclaslar
Ölkələrin beynəlxalq səviyyədə kibertəhlükəsizliyinin təmin edilməsi vəziyyətinin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparılır

Müasir dövrdə rəqəmsal texnologiyaların insan fəaliyyətinin bütün sahələrinə dərindən nüfuz etməsi kibertəhlükəsizliyi dövlətlərin milli təhlükəsizlik siyasətinin ayrılmaz komponentinə çevirib. Dünya dövlətləri öz kibertəhlükəsizlik potensiallarını qiymətləndirmək, mövcud boşluqları müəyyənləşdirmək və inkişaf istiqamətlərini müəyyən etmək üçün qlobal kibertəhlükəsizlik indeksləri və qiymətləndirmə metodlarından istifadə edirlər.

Bu barədə 6-cı Beynəlxalq “Kibernetika və İnformatikanın Problemləri” (PCI 2025) konfransında AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və institutun böyük elmi işçisi Könül Daşdəmirovanın həmmüəllifi olduqları məruzədə məlumat verilib.

Məruzəni təqdim edən K.Daşdəmirova “Beynəlxalq səviyyədə ölkələrin kibertəhlükəsizliyinin təmin olunması vəziyyətinin qiymətləndirilməsi metodları” adlı tədqiqat işində ölkələrin kibertəhlükəsizlik vəziyyətlərinin qiymətləndirilməsi mexanizmlərinin araşdırıldığını, bu sahədə beynəlxalq indekslərin və metodların analiz olunduğunu diqqətə çatdırıb.

Məruzəçi Qlobal Kibertəhlükəsizlik İndeksi, Milli Kibertəhlükəsizlik İndeksi, eləcə də “Cybersecurity Capacity Maturity Model” və s. kimi əsas beynəlxalq qiymətləndirmə indeksləri haqqında məlumat verib.

“Milli kibertəhlükəsizliyin təmin olunması, kritik informasiya infrastrukturunun qorunması, xarici texnoloji asılılıqların azaldılması və milli kibersuverenliyin təmin olunması dövlətin qarşısında prioritet məsələyə çevrilir”, – deyən K.Daşdəmirova hazırda ölkəmizdə rəqəmsal inkişaf və kibertəhlükəsizlik sahəsində strateji sənədlər əsasında ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd edib.

Bildirib ki, milli informasiya məkanında yaranan kibertəhlükəsizlik risklərinin qarşısının alınması üçün mövcud vəziyyətin mütəmadi olaraq qiymətləndirilməsinə ehtiyac yaranır. Beynəlxalq təcrübələrə əsaslanan və yerli kontekstə uyğunlaşdırılmış milli kibertəhlükəsizlik indeksinin hazırlanması ölkənin rəqəmsal suverenliyinin və informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm addım olacaq.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.