PCI 2025 konfransında rəqəmsal dövlət mühitində smart OLAP sistemlərinin tətbiqi məsələləri müzakirə edilib

05 Sentyabr 2025 - 10:39 | Konfranslar, İclaslar
PCI 2025 konfransında rəqəmsal dövlət mühitində smart OLAP sistemlərinin tətbiqi məsələləri müzakirə edilib

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyovanın “Rəqəmsal dövlət mühitində smart OLAP sistemlərinin tətbiqi” mövzusunda məruzəsi 6-cı Beynəlxalq “Kibernetika və İnformatikanın Problemləri” (PCI 2025) konfransında təqdim edilib.

G.Nəbibəyova məruzəsində “rəqəmsal dövlət” anlayışını izah edərək onun üstünlükləri və potensial riskləri haqqında ətraflı məlumat verib. O, rəqəmsal dövlətin elmi-nəzəri və konseptual əsaslarının formalaşmasına dair əsas yanaşmaları əks etdirən bir sıra tədqiqatçıların əsərlərinə istinad edib.

Məruzəçi qeyd edib ki, tədqiqat çərçivəsində rəqəmsal dövlət mühitində daxili smart OLAP sisteminə malik qərar qəbulu sisteminin modeli işlənib hazırlanıb. Onun sözlərinə görə, smart OLAP sistemləri Data Mining, neyron şəbəkələri və blokçeyn kimi rəqəmsal texnologiyaları birləşdirir. Bu texnologiyalar məlumatların dərin və sürətli təhlilini təmin edərək daha dəqiq və səmərəli qərarların qəbul edilməsinə imkan yaradır.

Tədqiqatçı hər bir texnologiyanın OLAP sistemi ilə inteqrasiyası üçün təklif olunan modelləri təqdim edib, həmçinin işlənib hazırlanmış hibrid modelin xüsusiyyətlərini ətraflı şərh edib. Bununla yanaşı, tədqiqatda rəqəmsal dövlətin effektivliyinin qiymətləndirilməsi üçün yeni metodların təklif olunduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.