İnstitutda ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib

12 Sentyabr 2025 - 10:27 | Mühüm hadisələr

ETN İnformasiya Texnologiyaları İnstitutunda ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib. İmtahanda 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə 2 nəfər və 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 2 nəfər iddiaçı iştirak edib.

Qeyd edək ki, AR Elm və Təhsil Nazirliyindən daxil olan 08 avqust 2025-ci il tarixli məktuba əsasən, institutda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanının keçirilməsi üçün komissiya yaradılıb. İmtahan Komissiyasının sədri – AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, üzvləri – institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun elmi katibi Nərmin Adigözəlova, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevdir.

İmtahan prosesi ilə tanış olan akademik R.Əliquliyev institutun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. İnstitutun müasir çağırışlara cavab verərək, dinamik şəkildə dəyişən süni intellekt, data analitika, rəqəmsal tibb kimi sahələrdə tədqiqatların aparılmasında, bu istiqamətlərdə yüksək keyfiyyətli insan resurslarının yetişdirilməsində, gənc tədqiqatçıların elmə cəlb olunması işində yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Akademik R.Əliquliyev gənc tədqiqatçıların cəmiyyət üçün faydalı gənclər kimi yetişməsinin, əldə etdikləri bilikləri ictimai müzakirələrdə, beynəlxalq konfranslarda və müxtəlif elmi tribunlarda təqdim etməsinin onların inkişafında, elmi potensialının daha geniş auditoriyalara çatdırılmasında və ölkənin intellektual mühitinə inteqrasiyasında mühüm rol oynadığını qeyd edib, iddiaçıların hər birinə imtahanda müvəffəqiyyətlər arzu edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.