İnstitutun mayın 15-də keçirilmiş elmi seminarında dissertant Elçin Məmmədovun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və 3356.01 – “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisaslarının kəsişməsində “Müasir elektron-kitabxana şəbəkəsinin yaradılması mexanizmlərinin işlənməsi” adlı dissertasiya işi müzakirə olunub.
İddiaçı işin aktuallığı, məqsədi və bu məqsədə çatmaq üçün qarşıya qoyulmuş məsələləri nəzərə çatdırıb.
İnteqral kitabxana sistemlərinin tətbiqində meydana çıxan texniki, lisenziya və dil problemləri, elektron-kitabxana informasiya sistemlərinin yaradılması zamanı terminologiya və kontentin düzgün qəbul edilməməsi, kompleks yanaşmanın mövcud olmaması, müəllif hüquqlarının qorunması problemləri, kitabxana-informasiya sahəsində, xüsusilə elektron-kitabxanaların təşkili prosesində korporativ iş birliyi, mərkəzləşdirilmiş sistem və şəbəkənin zəif inkişaf etməsi, yeni texnoloji nailiyyətlərin elektron-kitabxanaların yaradılmasında geniş tətbiq olunmaması kimi bir sıra məsələlərin tədqiqat işinin aktuallığını səciyyələndirən amillərdən olduğunu bildirib.
E.Məmmədov qeyd edib ki, dissertasiya işinin məqsədi ölkədə mərkəzləşdirilmiş, müxtəlif inteqrasiya və intellektual xidmət imkanlarına malik müasir elektron-kitabxana şəbəkəsinin yaradılmasının nəzəri və təcrübi perspektivlərinin işlənilməsidir.
Onun sözlərinə görə, elektron-kitabxanaların inkişaf mərhələləri, elektron-kitabxanaların imkanları, strukturu, təsnifləşdirilməsi üzrə tədqiqat aparılmış, müasir elektron-kitabxana şəbəkələrinin tədqiqi, təhlili və təşkili formaları, həmçinin Viki və CRM texnologiyaları əsasında elektron-kitabxanaların informasiya resurslarının formalaşması prosesi və bu zaman tətbiq edilən standartlar araşdırılmış, müasir elektron-kitabxanalarda toplanmış sənəd məlumatlarının intellektual emal və təhlil formaları, müasir elektron kitabxana şəbəkələrinin nəzəri modeli işlənilmişdir.
Məruzə ətrafında aparılan müzakirələrdə texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktorları Rəşid Ələkbərov, Şəfəqət Mahmudova və digərləri iştirak ediblər.
Dissertasiya işinin elmi rəhbərləri – akademik Rasim Əliquliyev və Bakı Dövlət Universitetinin “Kitabxana resursları və informasiya axtarış sistemləri” kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Xəlil İsmayılov mövzunun aktuallığını önə çəkərək müvafiq elm sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Dissertasiya işinə dair təyin olunan rəyçilər – tarix üzrə elmlər doktoru, professor Bayram Allahverdiyev və texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova təklif və iradlarını səsləndiriblər.
Sonda dissertasiya işinin müdafiə olunmaq üçün müvafiq Dissertasiya şurasına təqdim olunması qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.