“Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın I mərhələsi keçirildi

06 Aprel 2015 - 16:29 | Konfranslar, İclaslar

5 aprel 2015-ci il tarixdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati dəstəyi ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın I mərhələsi keçirildi.

Qafqaz Universitetində keçirilən tədbirin açılış mərasimini giriş sözü ilə açan Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə rəhbərliyi tərəfindən prioritet sahələrdən olan informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına daim diqqət göstərildiyini və bu istiqamətdə tədbirlər görüldüyünü bildirdi. Onun sözlərinə görə, gənc nəsil bu işlərin həyata keçirilməsində mühüm rol oynayır, bu baxımdan tələbələrin biliklərinin tətbiqi üçün böyük imkanlar yaradan və ölkəmizdə gələcək kadr potensialının yetişməsinə xidmət edən bilik yarışmalarının keçirilməsi təqdirəlayiq haldır.

Münsiflər Heyətinin sədri, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə 2007-ci ildən müntəzəm olaraq keçirilən müsabiqənin şərtləri haqqında məlumat verdi. O, yarışma zamanı komandalara kompüterdə 5 saat ərzində 10 alqoritmik məsələnin proqramlaşdırılması tapşırığının verildiyini bildirərək məsələlərin həllinin onlayn avtomatik qiymətləndirmə sistemi vasitəsilə yoxlanılacağını qeyd etdi.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova bilik yarışmalarının İKT üzrə innovativ təfəkkürə malik istedadlı gənclərin müəyyənləşdirilməsi, onların ölkəmizdə bu sahə ilə bağlı həyata keçirilən layihələrə cəlb edilməsi və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etməsinə imkan yaratdığını vurğuladı.

Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç, RYTN-nin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev, Naxçıvan Dövlət Universitetinin Həmkarlar Komitəsinin sədri Elşən Məmmədov bu kimi olimpiadaların keçirilməsinin əhəmiyyətindən söz açdılar.

Sonra olimpiadanın I mərhələsi keçirildi. İlk mərhələdə 14 ali təhsil müəssisəsindən hər birində 3 tələbə olmaqla, 50 komanda iştirak edirdi. Müsabiqədə Bakı ilə yanaşı, Gəncə, Naxçıvan və Sumqayıtda yerləşən ali təhsil müəssisələri komandaları ilə təmsil olunurdular.

Qeyd edək ki, olimpiadanın final mərhələsi aprelin 26-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Qaliblər “HP” şirkətinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.