Martın 13-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzinin (TİM) Distant Tədris Mərkəzində (DTM) Gəncə şəhər ümumtəhsil məktəblərinin informatika müəllimləri üçün “VIII İnformatika layihə olimpiadası”na hazırlıq məqsədilə treyninq keçirildi.
Qeyd edək ki, İTİ tərəfindən AMEA-nın Gəncə Bölməsində yaradılmış DTM Bakı ilə Gəncə arasında elm və təhsil körpüsünə çevrilmişdir. Doktorant və dissertantların məsafədən təhsil almasını, AMEA-nın institutları ilə Gəncədə yerləşən institutlar arasında birgə seminar və onlayn konfransların keçirilməsini, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulmasını təmin edən DTM, eyni zamanda həmin bölgədə yerləşən universitetlərin tələbələrinə İnformasiya Texnologiyaları İnstitutunda tədris edilən dərslərdə onlayn iştirak etmək imkanı yaradır.
Tədbir aprel ayında AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, “İstək” liseyi, AMEA İdarəetmə Sistemləri İnstitutu və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə respublika məktəbliləri arasında keçiriləcək “VIII İnformatika layihə olimpiadası” (İLO) ilə bağlı məlumatlandırma məqsədi daşıyır.
2007-ci ildən etibarən müntəzəm olaraq keçirilən İLO-nun məqsədi orta məktəb şagirdlərinin İKT sahəsinə marağını artırmaq, bu sahədə malik olduqları nəzəri bilikləri praktikada tətbiq etmələrini təmin edərək təcrübə qazanmalarına təkan vermək və ölkəmizdə İKT sahəsi üzrə peşəkar kadrların yetişməsinə şərait yaratmaqdır. İLO həmçinin orta məktəb şagirdləri arasında bilik-dostluq əlaqələrinin yaradılmasını təmin edir.
Yarışmada yalnız 10 Aprel 2015-ci il tarixinədək onlayn qeydiyyatdan keçmiş orta məktəb şagirdləri iştirak edə bilərlər. Aprelin 15-də proqramlaşdırma, qısa film, veb səhifə, animasiya və robot kateqoriyaları üzrə finala vəsiqə qazanan layihələr məlum olacaq. Seçilmiş layihələr 25 aprel 2015-ci il taixində keçiriləcək final mərhələsində olimpiadanın Münsiflər Heyətinin qarşısında nümayiş etdiriləcək. Layihələr orijinallıq, səmərəlilik və digər kriteriyalar üzrə qiymətləndiriləcək, hər nominasiya üzrə bir qalib müəyyən olunacaq. 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərinə qiymətli hədiyyələr, 4-cü yerin sahiblərinə isə medallar təqdim olunacaq.
Olimpiada haqqında ətraflı məlumatı www.ilo.az saytından əldə etmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.