“Big Data” üçün informasiya təhlükəsizliyi problemləri müzakirə olunub

06 Mart 2015 - 16:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev institutun elmi seminarında “Big Data” üçün informasiya təhlükəsizliyi problemləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, “Big Data” texnologiyalarının təqdim etdiyi imkanlardan informasiya təhlükəsizliyi problemlərinin həlli üçün geniş istifadə etmək mümkündür.

Məruzəçinin sözlərinə görə, informasiya təhlükəsizliyi və fərdi məlumatların qorunması “Big Data” üçün həlli vacib məsələlərdəndir. Bu problemlərə böyük həcmdə verilənlərin idarə edilməsi infrastrukturunda informasiya təhlükəsizliyi, verilənlərin konfidensiallığı və fərdi məlumatların qorunması, girişə qranulyar nəzarət, qranulyar audit və informasiya təhlükəsizliyinin real zaman rejimində monitorinqi və s. daxildir.

Y.İmamverdiyev qeyd edib ki, “Big Data” texnologiyaları müxtəlif mənbələrdən toplanmış məlumatları birləşdirərək istifadəçinin “360 dərəcə” profilini yaratmağa - istifadəçi haqqında “hər şeyi öyrənməyə” imkan verir. Bununla da fərdi məlumatların konfidensiallığını dəstəkləyən texnoloji və qanunvericilik alətlərinin yaradılması zərurəti meydana çıxır.

Məruzəçi “Big Data” texnologiyalarının müxtəlif mənbələrdən alınmış böyük həcmdə strukturlaşmamış bir çox verilənlərin toplanması, saxlanması, axtarışı, analizi və vizuallaşdırılması üzrə yeni funksional alətlər təklif etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu texnologiyalar informasiya təhlükəsizliyi insidentlərinin ekspertizası və müxtəlif trendlərin analizi üçün saxlanan verilənlərin həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

Şöbə müdiri “Big Data” texnologiyalarının təşkilatda müxtəlif loq-fayllar, informasiya təhlükəsizliyi vasitələrinin xəbərdarlıq siqnalları, monitorinq və konfiqurasiya məlumatları, şəbəkə trafiki, sosial media məlumatlarını və digər mənbələrdən müxtəlif formatlarda (strukturlaşdırılmış, mətn, səs, multimedia) daxil olan məlumatları vahid platformada birləşdirərək və əlaqələndirərək informasiya təhlükəsizliyinin vəziyyəti barədə hərtərəfli informasiyaya malik olmağa imkan verdiyini diqqətə çatdırıb.

“Big Data” texnologiyaları informasiya təhlükəsizliyi insidentlərinin avtomatik cavablandırılması, onların nəticələrinin qısa müddətdə və minimal xərclərlə aradan qaldırılması və daha keyfiyyətli tədqiqatında xüsusi rol oynayır”, - deyə bildirən Y.İmamverdiyev infomasiya təhlükəsizliyi hadisələrinin analizi üçün nəzərdə tutulmuş sistemlərin 2000-ci illərin ortalarından etibarən geniş yayılmağa başladığını vurğulayıb.

Y.İmamverdiyev “Gartner”in apardığı tədqiqatlardan söz açaraq 2016-cı ilə qədər şirkətlərin 25 faizinin informasiya təhlükəsizliyi sistemlərini daha etibarlı etməyə və onlarda yanlış həyəcan siqnallarını aradan qaldırmağa imkan verən Big Data analitikasından kibertəhlükəsizlik sistemlərində istifadə edəcəyini nəzərə çatdırıb.

Məruzə tədbir iştirakçılarının böyük marağına səbəb olub, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.