AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında impakt faktorlu jurnalların seçilməsi yolları və onlarda məqalələrin çap olunması haqqında məruzə ilə çıxış edən texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev bildirdi ki, impakt faktorlu jurnalların tapılması üçün ən yaxşı mənbə thomsonreuters.com saytıdır. Lakin sayta giriş icazəli olduğundan oradan informasiyanın əldə olunması mümkün deyil.
İmpakt faktorlu jurnalların 5 illik dinamikasını əyani olaraq nümayiş etdirən məruzəçi citefactor.org saytında istənilən jurnal haqqında məlumatların əldə olunmasının mümkünlüyünü vurğuladı.
O, “Thomson Reuters”in impakt faktorlu jurnalların 2013-cü ili əhatə edən sonuncu siyahısını təqdim edərək yeni siyahının cari ilin iyun ayında elan olunacağını diqqətə çatdırdı.
Məruzəçi həmçinin 20 ən nüfuzlu jurnalın siyahısını nümayiş etdirərək citefactor.org saytını jurnalların impakt faktorlu olub-olmamasının aydınlaşdırılması üçün ən etibarlı açıq mənbə kimi qiymətləndirdi.
R.Alıquliyevin sözlərinə görə, “Google”-da elektron poçt hesabı olan hər bir şəxs “Google Scholar”dan istifadə hüququna malikdir. “Google Scholar” qiymətləndirmə aparmaqla yanaşı, elmi məqalələrin tapılması üçün ən yaxşı vasitədir. Digər saytlardan fərqli olaraq “Google Scholar” yeni çap olunmuş məqaləni qısa müddətdə tapır.
“Google Scholar”ın üstünlüklərindən danışan alim bu xidmətdən istifadə etmək üçün maddi vəsaitin və qeydiyyatdan keçməyin tələb olunmadığını dilə gətirdi.
Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.