Uşaqları planşetlərlə ovundurmaq olmaz!

06 Fevral 2015 - 02:24 | Maraqlı məlumatlar
Uşaqları planşetlərlə ovundurmaq olmaz!

Bu, onların şəxsiyyət kimi formalaşmasına təsir edir

Əgər yaxın keçmişdə uşaqlar ağlayarkən valideynləri onları müxtəlif oyuncaqlarla ovundururdusa, müasir dövrdə bu yanaşma demək olar ki, dəyişmək üzrədir. Valideynlər körpələr ağlayanda onları sakitləşdirmək üçün artıq çox vaxt mobil texnologiyalardan istifadəyə üstünlük verməyə başlayıblar. Bu gün uşaqlı ailələrə nəzər saldıqda, elə uşaqların  özünün də mobil telefon, smartfon və planşetlərə ciddi maraq göstərdiyinin şahidi oluruq. Əksər valideynlər övladlarının bu marağını onların zəmanə uşağı olması ilə əlaqələndirir.

Amerikalı psixoloqların apardığı tədqiqatların nəticələri bu yanaşmanın körpələrdə emosional mühitin normal inkişafına mane olduğunu göstərib. Onların fikrincə, bu zaman uşaqlar öz affektlərini idarə etməyi öyrənmirlər. Alimlər araşdırıblar ki, elektron kitab, smartfon və planşetlərdən istifadə məktəb yaşına çatmayan uşaqlara müəyyən qədər faydalıdır: tədris üçün nəzərdə tutulmuş mobil proqramlar uşaqlara oxumağı öyrənmək və ətraf mühit haqqında məlumatlı olmağa kömək edir. Lakin bu cür qurğulardan fikri yayındırmaq və təskinlik üçün istifadə uşaqların emosional inkişafına zərər gətirir, həmçinin onların öz həmyaşıdları ilə ünsiyyətinə mane olur.  

“Əgər uşaqlar elektron qurğuların köməyilə sakitləşirlərsə, o zaman onlar öz emosiyalarını idarə etməyi necə öyrənməlidirlər? Bundan əlavə, qadjetlərdən kiçik yaşlarından aktiv istifadə empatiyanın (dərdinə şərik olmaq), ünsiyyət qurmaq və problemləri birgə həll etmək kimi bacarıqların inkişafına mane olur: adətən uşaqlar bu kimi vərdişlərə birgə oyunlar və dostları ilə ünsiyyət zamanı yiyələnirlər. Nəhayət, sensor ekranlar hərəkət vərdişlərinin inkişaf etməsinə də mane olur ki, bu da sonradan riyaziyyat və elm sahələrinin mənimsənilməsini mürəkkəbləşdirir”. Bu haqda Boston Universitetinin pediatrı Cenni Radeski bildirib.  

lenta.ru saytı tədqiqatların nəticələrinin dərc olunduğu “Paediatrics” jurnalına istinadən bildirir ki, aparılmış tədqiqatlar onu da göstərib ki, mobil qurğu, elektron kitab və planşetlərin 2 yaş yarıma çatmayan uşaqlar üçün heç bir faydası yoxdur. E-qurğuları isə valideynlərlə birgə mənimsəmək daha məsləhətlidir.  

Qeyd edək ki, elektron qurğuların körpələrə zərəri haqda alimlər dəfələrlə yazıblar. Pediatr Lindsi Marzoli bildirir ki, sensor ekranlardan istifadə uşaqlarda barmaq və əl əzələlərini də inkişaf etməyə qoymur. Böyük Britaniyada müəllimlərin Həmkarlar İttifaqı ötən il bəyanatla çıxış etmişdir ki, artıq getdikcə daha çox uşaq kubiklərlə və konstruktorlarla oynamaq, həmçinin mobil qurğuların populyarlığı ucbatından öz həmyaşıdları ilə ünsiyyət qurmaq bacarığına malik deyil. Bu vəziyyətin aradan qaldırılması üçün Həmkarlar İttifaqı ciddi tədbirlərin görülməsini ( məsələn, gecə vaxtı evlərdə Wi-Fi-ın söndürülməsini) tövsiyə edib.