Elmmetriya və e-elmin formalaşması problemləri üzrə araşdırmalar davam etdiriləcək

29 Yanvar 2015 - 14:54 | Konfranslar, İclaslar
Elmmetriya və e-elmin formalaşması problemləri üzrə araşdırmalar davam etdiriləcək

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olunub. Şöbə müdiri Təhmasib Fətəliyev cari ildə planlaşdırılmış işlər haqqında məlumat verib. Bildirib ki, şöbədə elmmetriyanın və e-elmin formalaşması problemləri istiqamətində “Elmi Problemlər Reyestri” əsasında elmin idarə olunması və elmi fəaliyyətin qiymətləndirilməsi məsələlərinin tədqiqi və yeni qiymətləndirilmə mexanizmlərinin işlənməsi, e-elmin yaranması tarixi, mövcud vəziyyəti və inkişaf istiqamətlərinin araşdırılması, e-vətəndaş elmin predmetinə aid aktual elmi-tədqiqat işlərinin təhlili və reallaşdırılması vasitələrinin işlənməsi, Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinin araşdırılması və problemlərin həlli mexanizmlərinin işlənməsi və s. mövzular üzrə elmi-tədqiqat işlərinın aparılması nəzərdə tutulur.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri diqqətə çatdıran T.Fətəliyev bu istiqamətdə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyələşdirdiyi qrant layihəsi üzrə tədqiqatların davam etdiriləcəyini söyləyib.

O, həmçinin elmi-pedaqoji, elmi-praktiki fəaliyyət, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, kitabların və elektron nəşrin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin təşkili ilə bağlı şöbədə nəzərdə tutulan tədbirlərdən söz açıb.

Sonda şöbənin plan layihəsinin institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.