İnstitutun əməkdaşları TV1-in “Bakı vaxtı” verilişinin qonağı olublar – VİDEO

06 Noyabr 2026 - 14:15 | Müsahibələr, çıxışlar
İnstitutun əməkdaşları TV1-in “Bakı vaxtı” verilişinin qonağı olublar

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “TV1” veb-saytının “Bakı vaxtı” verilişinin qonağı olublar.

Verilişdə XXI əsrin ən mühüm texnoloji nailiyyətlərindən biri olan süni intellektin cəmiyyətə təsiri, tətbiq imkanları, üstünlükləri və potensial riskləri ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, süni intellekt texnologiyalarının yaratdığı imkanlardan səmərəli istifadə etmək üçün cəmiyyətdə rəqəmsal savadlılığın artırılması, bu texnologiyalarla düzgün davranış mədəniyyətinin formalaşdırılması və maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir. Xüsusilə, orta məktəblərdən başlayaraq süni intellektdən məsuliyyətli və məqsədyönlü istifadə bacarıqlarının aşılanması böyük əhəmiyyətə malikdir.

Müzakirələr zamanı deepfake texnologiyalarının yaratdığı təhlükələr, dezinformasiya, kibertəhdidlər və onların milli təhlükəsizlik baxımından doğurduğu risklərə də toxunulub. Həmçinin süni intellektin müsbət imkanlarından faydalanmaqla yanaşı, onun yaratdığı risklərin düzgün qiymətləndirilməsinin və kibertəhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.