Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Proqram sistemlərinin sintezi üçün intellektual metod və modellərin işlənməsi” adlı dissertasiya işi üzrə alınmış elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib.
Baş elmi işçi texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova dissertasiya işini təqdim edərək tədqiqatın məqsədinin proqram sistemlərinin səmərəlilik göstəricilərinin qiymətləndirilməsi, ən yaxşı proqram sisteminin seçilməsi, eləcə də müxtəlif təyinatlı proqram sistemlərinin sintezi üçün intellektual model və metodların işlənməsi olduğunu bildirib.
Məruzəçi proqram sistemlərinin ənənəvi üsullarla işlənməsi zamanı yaranan çətinliklər, onların səmərəliliyinin artırılması və təhlükəsizliyinin təmin olunması ilə bağlı problemlərin tədqiqatın aktuallığını şərtləndirdiyini qeyd edib: “Süni intellekt və müasir intellektual texnologiyaların tətbiqi keyfiyyətli proqram sistemlərinin hazırlanması üçün yeni imkanlar yaradır. Bu baxımdan proqram sistemlərinin layihələndirilməsi, səmərəliliyinin qiymətləndirilməsi və optimal variantın seçilməsi üçün intellektual metodların işlənilməsi böyük əhəmiyyət daşıyır”.
Tədqiqatçı proqram sistemlərinin sintezi ilə bağlı mühüm məsələlərin müəyyənləşdirildiyini və onların modelləşdirilməsində süni intellekt metodları ilə Soft Computing texnologiyalarının tətbiqinin zəruriliyinin əsaslandırıldığını bildirib. İntellektual proqram sistemlərinin konseptual əsaslarının işlənildiyini, bu sistemlərin yaradılmasında istifadə olunan süni intellekt metodları, Soft Computing texnologiyaları və proqramlaşdırma dillərinin xüsusiyyətlərinin araşdırılaraq müqayisəli təhlil edildiyini qeyd edib. Həmçinin proqramlaşdırma dillərinin effektivlik meyarlarının müəyyənləşdirilməsi, proqram sistemlərinin səmərəlilik göstəricilərinin qiymətləndirilməsi və seçilməsi, funksionallığının təhlili, eləcə də etibarlılığının yüksəldilməsi məqsədilə alqoritm və metodların işlənildiyini vurğulayıb.
Məruzə ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.
Sonda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək institutda proqram mühəndisliyi sahəsində uzun illərdir elmi tədqiqatların aparıldığını, mühüm nəticələrin əldə edildiyini və bu istiqamətdə yüksəkixtisaslı elmi kadrların hazırlandığını bildirib. Alim dissertasiya işi üzrə əldə olunmuş nəticələrə münasibət bildirərək, tədqiqatın proqram sistemlərinin sintezi və qiymətləndirilməsi baxımından əhəmiyyətini önə çəkib. Həmçinin proqram sistemlərinin etibarlılığının yüksəldilməsində süni intellekt texnologiyalarının tətbiqinə dair tədqiqatların aparılmasının məqsədəuyğun olduğunu qeyd edib, dissertasiya işi ilə bağlı səsləndirilən irad, təklif və tövsiyələrin nəzərə alınmasının vacibliyini vurğulayıb.