Mətnlərdə kibertəhlükələrin aşkarlanması sahəsində əldə olunmuş elmi nəticələr təqdim olunub

15 Oktyabr 2026 - 17:18 | Konfranslar, İclaslar
Mətnlərdə kibertəhlükələrin aşkarlanması sahəsində əldə olunmuş elmi nəticələr təqdim olunub

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Mətnlərdə kibertəhlükələrin aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə alınmış elmi nəticələrin müzakirəsinə həsr olunmuş növbəti elmi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, dissertasiya işini təqdim edən institutun doktorantı Vüsal Şahbazov işin aktuallığı, məqsədi, elmi yeniliyi, qarşıya qoyulmuş məsələlər və s. haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə kibertəhlükəsizlik sahəsində həyata keçirilən strateji tədbirlər dissertasiya işinin aktuallığını şərtləndirir. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya, 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası və Rəqəmsal İnkişaf Konsepsiyası tədqiqatın əhəmiyyətini müəyyən edən əsas istiqamətlərdəndir.

Tədqiqatçı əlavə edib ki, rəqəmsal transformasiyanın genişlənməsi, mətn əsaslı kiberhücumların və süni intellekt vasitəsilə yaradılan saxta məzmunların artması mətnlərdə kibertəhlükələrin aşkarlanması üçün səmərəli metod və alqoritmlərin işlənib hazırlanmasını zəruri edir.

Vüsal Şahbazov dissertasiya işinin məqsədinin mətn tipli məlumatlarda kibertəhlükələrin təbii dilin emalı texnologiyaları əsasında yüksək dəqiqliklə aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi olduğunu diqqətə çatdırıb.

İnstitutun doktorantı dissertasiya işi çərçivəsində əldə olunmuş nəticələri təqdim edib. Bildirib ki, tədqiqat işində mətnlərdə kibertəhdidlərin növləri sistemləşdirilmiş, onların aşkarlanması üsulları və bu sahədə mövcud elmi-nəzəri problemlər müəyyən olunmuşdur.

Dissertasiya işində spam məzmunlu e-poçtların aşkarlanması üçün böyük dil modelləri əsasında nəticə əldə edilmiş, SMS mesajlarının təsnifatı üçün hibrid metod işlənərək yüksək dəqiqliyə nail olunub.

Dissertasiya işinə dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev tədqiqatın metodoloji əsaslarının və elmi yeniliyinin sistemli şəkildə təqdim olunmasının vacibliyini vurğulayıb. Alim dissertasiya işində həllini gözləyən problemlərin daha dərindən araşdırılmasının, tədqiqatın məqsəd və vəzifələrinin dəqiq müəyyənləşdirilməsinin zəruriyyətini diqqətə çatdırıb və bəzi tövsiyələr verib.

AZƏRTAC