Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri institutda istehsalat təcrübəsi keçəcəklər

08 Sentyabr 2026 - 10:12 | Konfranslar, İclaslar

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı ilə İnformasiya Texnologiyaları İnstitutu arasında tələbələrin istehsalat təcrübəsinin təşkili məqsədilə imzalanmış müqaviləyə əsasən, bu ali məktəbin tələbələrinin institutda istehsalat təcrübəsi keçməsi nəzərdə tutulur. 

İstehsalat təcrübəsi müddətində informasiya texnologiyalarının aktual elmi problemləri ilə bağlı tədqiqat aparacaq gənclərə institutun mütəxəssisləri tərəfindən elmi-nəzəri və texnoloji biliklər aşılanacaq, onların müvafiq sahədə praktiki bacarıqları inkişaf etdiriləcək.

Bu məqsədlə institutda MDU-nun Bakı filialının “Tətbiqi riyaziyyat” fakültəsinin IV kurs tələbələri ilə görüş keçirilib. Görüşdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, tələbələrin təhkim olunduğu təcrübə rəhbərləri, eləcə də digər aidiyyəti şəxslər iştirak ediblər.

Dos. R.Ələkbərov İnformasiya Texnologiyaları İnstitutunda dövlətin strateji maraqlarına xidmət edən prioritet istiqamətlərdə – süni intellekt, data analitika, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik, dərin təlim ilə bağlı araşdırmaların aparıldığını bildirib. İcraçı direktor tələbələrə institutda yaradılmış maddi-texniki şərait haqqında məlumat verib, AzScienceNet şəbəkəsi və Data Mərkəzin təqdim etdiyi imkanları diqqətə çatdırıb. 

İcraçı direktor tələbələrə institutda formalaşmış elmi mühit və mövcud təcrübədən səmərəli yararlanmağı, nəzəri və texnoloji biliklərini inkişaf etdirməyi, eləcə də gələcəkdə İnformasiya Texnologiyaları İnstitutunda doktorantura və dissertantura səviyyələri üzrə təhsillərini davam etdirməyi tövsiyə edib.

Görüşdə təcrübə müddətində görüləcək işlər, veriləcək tapşırıqlar və həyata keçirilməsi nəzərdə tutulan tədqiqatlar barədə müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.