ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev İnstitutun elmi seminarında “Elmi etika və CRediT sistemi” mövzusunda çıxışı zamanı qeyd edib ki, CRediT (Contributor Roles Taxonomy – tədqiqata töhfə rollarının sistemləşdirilməsi) sistemi beynəlxalq akademik aləmdə ədaləti və şəffaflığı təmin edən mühüm bir mexanizmdir. Bu sistem 2012-ci ildə Harvard Universiteti və “Wellcome Trust” fondunun təşəbbüsü ilə yaradılıb və artıq Elsevier, Springer kimi nəşriyyatlar tərəfindən geniş istifadə olunur. Alim bildirib ki, ənənəvi yanaşma alimlərin real əməyini bəzi hallarda nəzərə almırdısa, CRediT sistemi hər müəllifin töhfəsini dəqiq göstərməklə elmi etikada yeni bir səhifə açır.
AZƏRTAC xəbər verir ki, şöbə müdiri əlavə edib ki, bu sistem elmi məqalələrin hazırlanması prosesində müəlliflərin 14 fərqli rolunu və statusunu müəyyən edir. Buraya ideyanın formalaşdırılması ilə yanaşı, məsələnin qoyuluşu, metodologiyanın hazırlanması, eksperimentlərin aparılması, nəticələrin yoxlanılması və s. kimi istiqamətlər daxildir. Bu yeni yanaşma sayəsində hər bir alimin-müəllifin elmi əsərə verdiyi xüsusi töhfə və pay tam şəffaf şəkildə müəyyən edilir.
CRediT sistemi elmi məqalələrdə gənc alimlərin əməyinin kölgədə qalmaması, uğurun, şöhrətin yalnız tanınmış alimlərin adına yazılmaması, eyni zamanda müəyyən maraqlar naminə saxta həmmüəlliflik hallarının qarşısının alınması üçün müstəsna rol oynayır. Bu sistem həm də alimlərin məsuliyyətini artırır, həmmüəlliflik mübahisələrini ədalətli şəkildə həll edir.
AMEA-nın müxbir üzvü bildirib ki, CRediT sistemi həmmüəlliflərin yalnız töhfələrini deyil, həm də onların məsuliyyətini də dəqiq müəyyənləşdirir. Belə ki, məqalədə hər hansı plagiat halları aşkarlanarsa, məsuliyyəti bütün müəlliflər deyil, yalnız həmin bölməyə cavabdeh tədqiqatçılar çəkəcəkdir.
Həmçinin qeyd olunub ki, gələcəkdə beynəlxalq elmi bazalar və elmmetrik platformalar alimləri məqalə sayına görə deyil, CRediT sistemi əsasında müəyyən olunmuş töhfələrə görə dəyərləndirəcək.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev mövzu ilə bağlı çıxış edərək bildirib ki, elmi məqalələrdə hər kəsin töhfəsini dəqiq göstərən beynəlxalq CRediT sistemi artıq əsas beynəlxalq standarta çevrilib. Alim qeyd edib ki, bu sistem elmi qiymətləndirmələri daha şəffaf və ədalətli müəyyən edir. Buna görə də, həmin yeniliyin ölkəmizin bütün elm və təhsil ocaqlarında geniş tətbiq olunması beynəlxalq elmi mühitə inteqrasiya nöqteyi-nəzərindən, həmçinin müasir dövrdə müəllif hüquqlarının obyektiv təmin olunması, intellektual mülkiyyətdə tədqiqatçıların paylarının müəyyən edilməsində, elmi etik-hüquqi münasibətlərin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olacaqdır.