ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclaslarında İnstitutun struktur bölmələrinin 2026-cı ilin birinci yarısı üzrə kompleks fəaliyyətinə dair hesabatlar dinlənilib.
Yarımillik hesabatlarla bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru, akademik Rasim Əliquliyev İnstitutun fəaliyyətinin dövlət siyasəti çərçivəsində strategiya, konsepsiya və proqramlarda müəyyənləşdirilən prioritet istiqamətlərə uyğun qurulduğunu diqqətə çatdırıb. Alim bildirib ki, elmi fəaliyyətin səmərəliliyinin artırılması üçün fəaliyyət planında nəzərdə tutulan tapşırıqların icra vəziyyətinin, əldə olunan elmi nəticələrin obyektiv və şəffaf qiymətləndirilməsi, mütəmadi təhlili mühüm əhəmiyyət kəsb edir.
İnstitutun baş direktoru yüksək elmi nəticələrin əldə olunması, yeni biliklərin yaradılması, dövlət tərəfindən müəyyənləşdirilmiş elmi vəzifələrin icrasında fəal iştirak, elmi-texnoloji yeniliklərin cəmiyyətə transferi və elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsinin İnstitutun əsas prioritetləri sırasında olduğunu qeyd edib. Alim bu məqsədlərə nail olunmasında hər bir əməkdaşın məsuliyyətlə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Yarımillik hesabatlarda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi, rəqəmsal transformasiya prosesləri, informasiya cəmiyyətinin formalaşmasının elmi problemlərinin araşdırılması və inkişaf etdirilməsi istiqamətində görülmüş işlər müzakirə olunub.
İclaslarda struktur bölmələrinin 2026-cı ilin birinci yarımilində elmi-tədqiqat, elmi-innovasiya və elmi-pedaqoji fəaliyyəti, ölkədə rəqəmsal siyasət sahəsində qəbul olunmuş stateji sənədlərdən irəli gələn vəzifələrin icrası, o cümlədən elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən layihələr, yüksəkixtisaslı kadr hazırlığının aparılması və digər fəaliyyət istiqamətləri geniş müzakirə edilib. Eyni zamanda, rəqəmsal transformasiya proseslərinin sürətləndiyi müasir şəraitdə texnoloji biliklərin cəmiyyətdə populyarlaşdırılması istiqamətində aparılan maarifləndirmə işləri barədə də məlumat verilib. Həmçinin şöbələr üzrə nüfuzlu elmi nəşrlərdə dərc olunmuş məqalələr, konfrans materialları, beynəlxalq elmi əməkdaşlığa dair məlumatlar əksini tapıb. İnstitutun və ayrı-ayrılıqda struktur bölmələrin elmmetrik göstəriciləri təqdim olunub, bu sahədə fəaliyyətin daha səmərəli təşkili ilə bağlı tövsiyələr səsləndirilib.
Akademik Rasim Əliquliyev yarımillik hesabat dövründə əldə olunan elmi nəticələri və nailiyyətləri yüksək qiymətləndirərək əməkdaşları qarşıdakı dövrdə də elmi fəaliyyətin keyfiyyətinin daha da yüksəldilməsi və İnstitutun qarşısında duran vəzifələrin icrasında fəal iştirak etməyə çağırıb.
Sonda institutun struktur bölmələrinin hesabatları Elmi şuranın üzvləri tərəfindən geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Struktur bölmələrə dövlət siyasətindən irəli gələn vəzifələrin icrasının təmin edilməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də əldə olunan elmi nəticələrin nüfuzlu beynəlxalq jurnallarda dərcinin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib.