ETN İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları 6 aylıq hesabatdan sonra istirahət mərkəzinə yollanıblar

29 İyul 2026 - 12:35 | Maraqlı məlumatlar

Xəbər verdiyimiz kimi, institutun struktur bölmələrinin cari ilin birinci yarısı üzrə hesabat iclasları keçirilib. Hesabatların müzakirəsi başa çatdıqdan sonra İnstitut rəhbərliyinin dəstəyi və Həmkarlar Komitəsinin təşkilatçılığı ilə əməkdaşların istirahətinin təşkili məqsədilə Quba və Xaçmaz rayonlarına səfərlər həyata keçirilib.

Belə ki, institutun bir qrup əməkdaşı “Quba Şahdağ Truskavets” müalicə-sanatoriya kompleksinə səfər edib. Səfər proqramı çərçivəsində iştirakçılar sanatoriyada sağlamlıq prosedurlarından yararlanmaq, təmiz dağ havasında istirahət etmək imkanı əldə ediblər. Bununla yanaşı, əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə Quba rayonunun görməli və tarixi məkanlarına ekskursiyalar təşkil olunub, rayonun zəngin təbiəti, turizm potensialı və mədəni irsi ilə yaxından tanışlıq təmin edilib.

Səfər zamanı əməkdaşlar arasında xoş istirahət mühitinin yaradılmasına xidmət edən müxtəlif tədbirlər də keçirilib. İştirakçılar bu kimi təşəbbüslərin əməkdaşların motivasiyasının yüksəldilməsinə, sağlam həyat tərzinin təşviqinə və kollektivdə səmərəli işgüzar mühitin formalaşmasına mühüm töhfə verdiyini vurğulayıblar.

Eyni zamanda, institutun bir qrup əməkdaşı Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzinə səfər edib. Səfər çərçivəsində əməkdaşlar təbii mühitdə dincəlmək, asudə vaxtlarını səmərəli keçirmək imkanlarından yararlanıblar.

Qeyd edək ki, bundan sonra da institut əməkdaşlarının sosial rifahının yüksəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.