ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AzTU-nun Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və institutun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev Baku TV-nin “Aktual gündəm” verilişinin qonağı olublar.
“Azərbaycan süni intellekt erasına keçir: Yeni iqtisadi model necə qurulur? mövzusuna həsr olunmuş verilişdə qonaqlar ölkədə rəqəmsal dövlətin formalaşdırılması istiqamətində görülən əsas işlərdən danışıblar. Bildirilib ki, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellekt və innovasiya ekosisteminin inkişafı vətəndaş mərkəzli elektron idarəetmə sisteminin qurulmasında prioritet istiqamətlərdir və bu sahədə bir sıra dövlət proqramları icra olunmaqdadır.
Verilişdə, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müzakirə edilən məsələlərə toxunularaq, ölkədə süni intellekt əsaslı yeni iqtisadi modelə keçidin strateji əhəmiyyəti vurğulanıb.