ETN İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları “Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” mövzusunda keçirilən tədbirdə iştirak ediblər

05 May 2026 - 09:16 | Konfranslar, İclaslar

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” mövzusunda panel müzakirələr keçirilib. Müzakirələr BMT-nin Məskunlaşma Proqramının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova 2026-cı ilin ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini xatırladıb. Bildirib ki, bu qərar Azərbaycanda şəhərsalma və memarlıq sahələrinin inkişafına göstərilən ardıcıl dövlət qayğısının və strateji diqqətin məntiqi davamıdır. Bu il Bakıda növbəti dünya miqyaslı tədbirin - WUF13-ün keçiriləcəyini söyləyən Ceyran Mahmudova belə bir mötəbər toplantının Azərbaycanda təşkilinin xüsusi simvolik məna daşıdığını vurğulayıb.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək tədbiri şəhərsalma proseslərinə elmin, mədəniyyətin və incəsənətin töhfəsini müzakirə edən mühüm platforma kimi dəyərləndirib. Bildirib ki, tədbir ölkə Prezidenti İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bu sahədəki layiqli elmi-mədəni hesabatıdır. Akademik İsa Həbibbəyli WUF13-ün yalnız memarlıq deyil, həm də şəhərsalma və sosial inkişaf məsələlərini əhatə etdiyini deyərək, XXI əsrdə Bakı şəhərinin müasir şəhərsalmanın uğurlu nümunələrindən biri hesab olunduğunu bildirib.

Daha sonra tədbir öz işini  “Ağıllı şəhər: mədəni infrastrukturun rəqəmsal idarəolunması”, “Böyük Qayıdış kontekstində mədəni irs”, “Şəhər ənənəvi və müasir mədəni irsin keşiyində” və “Şəhər mövzusu kino və teatrda” adlı seksiyalar üzrə davam etdirib.

Tədbirdə ETN İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev tədbirin seksiya iclasları çərçivəsində keçirilən müzakirələrdə fəal iştirak edərək məruzəçilərə suallarını ünvanlayıb, bir sıra təklif və tövsiyələrini səsləndirib.

İnstitutun baş mütəxəssisi Oqtay Ələkbərov tədbirin “Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” mövzusunda keçirilən seksiya iclasında çıxış edib. O, “ağıllı şəhər” modelində mədəni infrastrukturun rəqəmsallaşdırılması” mövzusunda məruzəni təqdim edərək bildirib ki, “ağıllı şəhər” texnologiyalara əsaslanan müasir şəhər idarəetmə modelidir. Bu modeldə IoT (Əşyaların İnterneti), süni intellekt və böyük verilənlər (Big Data) kimi rəqəmsal texnologiyalar şəhər infrastrukturunun idarə olunmasında əsas rol oynayır: “Ağıllı şəhər” konsepsiyasının başlıca məqsədi sakinlərin həyat keyfiyyətini yüksəltmək, şəhər xidmətlərini daha səmərəli təşkil etmək və mövcud resurslardan optimal şəkildə istifadəni təmin etməkdir. “Ağıllı şəhər” modelinin əsas istiqamətlərindən biri mədəni irsin qorunması və rəqəmsal texnologiyalar vasitəsilə gələcək nəsillərə ötürülməsidir”.

Oqtay Ələkbərov bildirib ki, rəqəmsal mədəni infrastruktur şəhərlərin inkişafında mühüm və çoxşaxəli rol oynayır: “Bu yanaşma idarəetmədə effektivliyi artırır, resurslara qənaəti təmin edir, mədəni irsin uzunmüddətli qorunmasına şərait yaradır, turizm potensialını gücləndirir və yeni iqtisadi imkanlar formalaşdırır. Eyni zamanda, mədəni obyektlərin daha interaktiv və əlçatan şəkildə təqdim olunması cəmiyyətin mədəni həyata marağını artırır”.

Bu istiqamətdə yeni çağırışların mövcud olduğunu deyən məruzəçi qeyd edib ki, maliyyə problemləri, rəqəmsal bərabərsizlik, müəllif hüquqları və fərdi məlumatların qorunması, eləcə də həm mədəniyyət sahəsinə, həm də İKT biliklərinə malik olan yüksəkixtisaslı kadrların çatışmazlığı əsas problemlər sırasındadır.

O, çıxışının sonunda vurğulayıb ki, ağıllı şəhərlərdə mədəni infrastrukturun rəqəmsal idarə olunması mədəni obyektlərin səmərəli fəaliyyətini təmin edən, xidmət keyfiyyətini yüksəldən və davamlı inkişafı dəstəkləyən mühüm strateji istiqamətlərdən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.