İnstitutda yerinə yetirilən elmi-tədqiqat layihələrinin icra vəziyyəti müzakirə edilib

20 Fevral 2026 - 09:00 | Konfranslar, İclaslar

Məlum olduğu kimi, AR Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Elm Fondu, Azərbaycan Elm Fondu, o cümlədən ETN tərəfindən maliyyələşdirilən elmi-tədqiqat layihələri icra olunur.

Bu məqsədlə institutda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən “Süni intellekt texnologiyalarının tətbiqi ilə neft-qaz sənayesində onlayn platformada idarəetmə üçün metod və alqoritmlərin işlənməsi” və Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilən “Sosial kiber fiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi” layihələri üzrə 2024-2025-ci illəri əhatə edən yekun hesabata, eləcə də ETN tərəfindən maliyyələşdirilən “Kibersuveren dövlətin formalaşdırılması və onun informasiya təhlükəsizliyinin təmin olunması üçün intellektual metod və alqoritmlərin işlənməsi” layihəsi üzrə hesabata (may-sentyabr 2025) həsr olunmuş növbəti seminar keçirilib.

Seminarda çıxış edən AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev son illər institutda həyata keçirilən qrant layihələrinin elmi-tədqiqat fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində mühüm rol oynadığını qeyd edib.

Akademik Rasim Əliquliyev bildirib ki, ölkə və beynəlxalq səviyyəli qrant proqramlarında fəal iştirak institut əməkdaşlarının elmi potensialının reallaşdırılmasına, gənc tədqiqatçıların elmi prosesə cəlb olunmasına, eləcə də elmi nəticələrin praktik müstəvidə səmərəli istifadəsinə geniş imkanlar yaradır. Alimin sözlərinə görə, əldə edilən elmi nailiyyətlərin müzakirə olunması və qiymətləndirilməsi tədqiqatların şəffaflığının artırılması ilə yanaşı, eləcə də gələcək mərhələlər üçün strateji prioritetlərin düzgün müəyyənləşdirilməsinə xidmət edir.

Daha sonra layihələrin icraçıları hesabat dövrü ərzində yerinə yetirilmiş işlər barədə məlumat veriblər. Tədqiqat istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda akademik Rasim Əliquliyev süni intellekt, informasiya təhlükəsizliyi və kibersuverenlik kimi aktual sahələrdə aparılan araşdırmaların ölkənin milli maraqları baxımından strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Alim layihələr çərçivəsində aparılan tədqiqatların ölkə elminin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə inamını ifadə edib, bir sıra təklif və tövsiyələrini də səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.