ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AzTU-nun Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Baku TV-nin “Aktual gündəm” verilişinin qonağı olub. Alim çıxışında son 20 il ərzində ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması və rəqəmsal transformasiya istiqamətində mühüm dövlət proqramlarının və milli strategiyaların qəbul olunduğunu xatırladıb, Azərbaycanın yeni rəqəmsal arxitekturasının yaradılmasına dair fəaliyyət planını bu istiqamətdə görülən işlərin məntiqi davam kimi qiymətləndirib.
AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın əhəmiyyətini önə çəkərək qeyd edib ki, ölkəmizdə təbii dilin emalı sahəsində milli resurslar formalaşdırılmalı, böyük dil modellərinin yaradılması üçün elmi və texnoloji baza gücləndirilməlidir.