AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev İctimai Televiziyanın “Xəbərimiz var” proqramının qonağı olub.
Akademik Rasim Əliquliyev verilişdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə müzakirə edilən məsələlərə münasibət bildirib. Akademik qeyd edib ki, yeni rəqəmsal arxitekturanın mahiyyəti ölkədə rəqəmsal transformasiyanın sistemli və koordinasiyalı şəkildə həyata keçirilməsi, institusional mexanizmlərin gücləndirilməsi və dövlət idarəçiliyində kompleks islahatların aparılmasından ibarətdir. Bu çərçivədə enerji təhlükəsizliyi, data mərkəzlərinin inkişafı, süni intellektin geniş tətbiqi, monitorinq və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi əsas prioritetlər kimi müəyyən olunmuşdur.
Alim həmçinin süni intellektin qlobal miqyasda strateji əhəmiyyət daşıdığını vurğulayıb, orta məktəblərdən başlayaraq bu sahədə zəruri bilik və bacarıqların formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.