Fevralın 11-də AMEA Fəlsəfə və Sosiologioya İnstitutu və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir illiyinə həsr edilmiş “Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda Respublika elmi konfransı keçirilib.
Konfransda müasir dövrdə rəqəmsallaşma cəmiyyətin bütün sahələrinə nüfuz edərək sosial münasibətlərin, idarəetmə mexanizmlərinin və fərdi davranışların transformasiyasına səbəb olmuşdur. Konfransın məqsədi - rəqəmsallığın fəlsəfi, sosial, psixoloji, hüquqi, siyasi, tarixi aspektlərinin elmi müzakirəsini təmin etmək, multidissiplinar yanaşmalar əsasında informasiyanın idarə edilməsinin yeni inkişaf dinamikası təhlil edilib.
Konfransı giriş nitqi ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın məqsədi ölkədə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə sosial informasiya dinamikasını təhlil etmək və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir – deyə vurğulayıb.
Sonra Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Millət vəkili Zahid Oruc bildirib ki, süni zəka yalnız texniki yenilik deyil, həm də strateji resurs kimi qiymətləndirilməlidir: “Onun düzgün tətbiqi və inkişafı Azərbaycan və bütövlükdə türk dünyasının gələcək rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biridir”.
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxışında cəmiyyətin tədricən sosiotexnoloji mərhələyə keçdiyini, süni intellektin insanın imkanlarını genişləndirən əsas amillərdən biri olduğunu bildirib. Akademik data analitika, big data, süni intellekt və s. kimi texnologiyaların həm dövlət qurumları, həm də alimlərin qarşısında tamamilə yeni vəzifələr müəyyənləşdirdiyini, süni intellektin tətbiqi zamanı yaranan problemlərin, kibertəhlükəsizlik və etibarlılıq məsələlərinin araşdırılmasının vacibliyini qeyd edib.
Konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya, Sosial Tədqiqatlar Mərkəzi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Hərbi Elmi Tədqiqat İnstitutu, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Biznes Universiteti, Azərbaycan Memarlıq vəİnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universitetinin və digər ali məktəblərdən olan tədqiqatçılar iştirak edib.
Daha sonra AR ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya İdarə Heyəti sədrinin müavini, Elçin Süleymanov, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası idarə heyətinin sədri, Rəqəmsal İnkişaf və Nəqiyyat Nazirliyi İctimai Şurasının üzvü Elvin Abbasov, Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Orxan Salahov, Rəqəmsal İnkişaf və İnnovasiyalar şöbəsini müdiri Rəşad Xalıqov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri f.e.d. Füzuli Qurbanov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri sosiologiya elmləri doktoru Səadət Məmmədova süni intellekt strategiyasının icra vəziyyəti, rəqəmsal transformasiya prosesləri və sosial informasiya mühitində baş verən dəyişikliklər mövzusunda çıxış edərək fikirlərini bölüşüblər.