ETN İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində tədqiqatlar aparılıb.
Bu barədə institutun Elmi şurasının iclasında rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı məlumat verilib. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova 2025-ci il ərzində yerinə yetirilən elmi-tədqiqat işlərini diqqətə çatdırıb.
Şöbə müdiri “Elektron dövlət 4.0 platformasında inzibati idarəetmənin iyerarxik sisteminin səmərəliliyinin artırılması üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinə dair rəqəmsal dövlət mühitində smart OLAP sisteminin tətbiqi, eləcə də elektron dövlət platformasında paylanmış smart OLAP sisteminin arxitektur-texnoloji modelinin işlənməsi istiqamətində tədqiqatların aparıldığını qeyd edib.
Məruzəçi rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə rəqəmsal dövlətlə bağlı beynəlxalq təcrübənin, problemlər və perspektivlərin araşdırıldığını, rəqəmsal tibb mühitində smart OLAP sistemlərinin tətbiqi imkanlarının, rəqəmsal dövlət mühiti üçün neyron şəbəkələrinin OLAP ilə inteqrasiyası modelinin işlənildiyini vurğulayıb.
Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemlərinə dair tədqiqatlardan bəhs edən G.Nəbibəyova rəqəmsal dövlət platformasında Azərbaycan dili ekosisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi istiqamətində rəqəmsal tibbi terminoloji sistemin formalaşması aspektlərinin araşdırıldığını diqqətə çatdırıb. Bu problem üzrə “Kibersuveren dövlətin formalaşdırılması və onun informasiya təhlükəsizliyinin təmin olunması üçün intellektual metod və alqoritmlərin işlənməsi” adlı elmi-tədqiqat layihəsi üzrə araşdırmaların aparıldığını da qeyd edib.
G.Nəbibəyova informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə “Milli informasiya təhlükəsizliyinə olan sosial miqyaslı kibertəhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi üçün metod və alqoritimlərin işlənməsi” mövzusunda tədqiqatların cari ildə də davam etdirildiyini, bu istiqamətdə qlobal kibertəhlükəsizlik indeksləri əsasında milli kibertəhlükəsizlik indekslərinin formalaşdırılması məsələlərinin tədqiq olunduğunu, milli kibertəhlükəsizlik observatoriyasının yaradılmasının elmi-nəzəri və konseptual əsaslarının işlənildiyini bildirib.
G.Nəbibəyova il ərzində 6 məqalənin “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən, eləcə də “Springer” nəşriyyatına daxil olan jurnallarda, 15 tezisin respublika və beynəlxalq səviyyəli konfranslarda çap olunduğunu söyləyib.
Daha sonra o, şöbənin elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlər haqqında məlumat verib.
Şöbənin illik hesabatına dair dair fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı fikirlərini bölüşüb. Akademik Rasim Əliquliyev qeyd edib ki, dil suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində əsas məsələlərdən biri transliterasiya sahəsində mövcud problemlərin sistemli şəkildə həll edilməsi ilə bağlıdır. Bu kontekstdə intellektual transliterasiya sistemlərinin işlənilməsi, həmin sistemlərdə süni intellekt texnologiyalarının tətbiqi imkanlarının araşdırılması aktual elmi-praktik vəzifələr sırasında yer alır.
İnstitutun baş direktoru vurğulayıb ki, transliterasiya mexanizmlərinin təkmilləşdirilməsi ölkənin linqvistik və terminoloji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Alim şöbədə bu istiqamətdə tədqiqatların aparılmasının əhəmiyyətinə toxunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.