ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında səhiyyə 4.0 platformasında Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri əsaslarının işlənməsi istiqamətində aparılan tədqiqatlar üzrə illik hesabat dinlənilib.
Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova hesabatı təqdim edərək 2025-ci ildə şöbədə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verib.
Professor M.Məmmədova “Məkan üzrə əhalinin sağlamlığı və demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi və qərarların qəbulu” mövzusu üzrə əhalinin sağlamlığının Əşyaların İnterneti əsaslı paylanmış intellektual monitorinqi sisteminin konseptual modelinin işlənildiyini, tibbi-demoqrafik məlumatların süni intellekt metodları əsasında emalı istiqamətində tədqiqatların aparıldığını diqqətə çatdırıb.
Alim səhiyyə 4.0 və rəqəmsal-dövlət platformasında inteqrasiya olunmuş milli vahid tibbi informasiya fəzasının formalaşması mexanizmlərinin işlənməsi ilə bağlı elmi-tədqiqat işi çərçivəsində görülmüş işlərdən bəhs edib. Məruzəçi bu istiqamətdə pasiyentmərkəzli rəqəmsal əkizin arxitektur-texnoloji prinsiplərinin təklif edildiyini və tibbi verilənlərin vizuallaşdırılması metodları əsasında kliniki praktikada tətbiq oluna bilən rəqəmsal əkizin yaradılması alqoritminin işlənildiyini bildirib.
Şöbə müdiri Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının həkimləri ilə birgə yerinə yetirilən qaraciyər xəstəlikləri üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi mövzusunda tədqiqatları və alınmış nəticələri təqdim edib, bu istiqamətdə çap olunmuş elmi nəşrlər, o cümlədən Avroasiya patentinin alınması haqqında məlumat verib.
Professor M. Məmmədova hesabat ilində şöbədə “Sosial media mühitində ictimai tibbi rəylərin aşkarlanması və qərarların qəbulu metodlarının işlənməsi”, “Səhiyyə 4.0 platformasında əhalinin tibbi demoqrafik təhlükəsizliyinin idarə olunması üçün modellərin işlənməsi”, eləcə də “Tibbi təsvirlər əsasında xəstəliklərin proqnozlaşdılması üçün intellektual model və metodların işlənməsi” mövzuları üzrə tədqiqatların aparıldığını da diqqətə çatdırıb, “Rəqəmsallaşma və yaşıl keçid mühitində kənd təsərrüfatının intellektual idarə olunması üçün model və metodların işlənməsi” mövzusu üzrə yerinə yetirilən tədqiqatlardan bəhs edib.
Alim Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda və Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən dövri elmi nəşrlərdə 9 məqalənin, o cümlədən beynəlxalq və respublika səviyyəli konfranslarda 20 tezisin çap olunduğunu vurğulayıb.
Prof. M.Məmmədova şöbədə elmi-praktiki, innovasiya, elmi-ekspertiza, elmi-təşkilati fəaliyyət və kadr hazırlığı ilə bağlı görülmüş tədbirləri diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin illik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Akademik Rasim Əliquliyev şöbədə aparılan tədqiqatları yüksək qiymətləndirib, bu tədqiqatların respublikanın elmi-texnoloji inkişafı və elmimizin gücləndirilməsi baxımından mühüm rola malik olduğunu vurğulayıb. Alim həmçinin rəqəmsal səhiyyənin aktual elmi-nəzəri problemləri istiqamətində Azərbaycan Tibb Universiteti ilə yaradılan əməkdaşlıq əlaqələrinin önəminə toxunaraq, aparılan birgə tədqiqatların əhəmiyyətini xüsusi qeyd edib. İnstitutun baş direktoru şöbədə gənc tədqiqatçıların fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.