ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi elmi istiqamətində “Rəqəmsal transformasiyalar, texnoloji innovasiyalar və rəqəmsal iqtisadiyyatın formalaşması problemlərinin tədqiqi və inkişaf etdirilməsi” elmi problemi üzrə tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə hesabatı müzakirə olunub.
Şöbə müdiri, iqtisad elmləri doktoru, professor Əlövsət Əliyev rəhbərlik etdiyi struktur bölmənin illik hesabatını təqdim edərək “Rəqəmsal iqtisadiyyatın formalaşmasının müasir problemlərinin araşdırılması, onların konseptual həlli mexanizmlərinin və nəzəri əsaslarının inkişaf etdirilməsi” mövzusu üzrə aparılan tədqiqatlardan bəhs edib. Professor Ə.Əliyev mövzu üzrə rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşmasının texnoloji problemlərinin tədqiqi, beynəlxalq təşkilatların müasir rəqəmsal iqtisadiyyat platformalarının müqayisəli təhlili və onların Azərbaycanda tətbiqi perspektivlərinin araşdırılması, eləcə də Sənaye 4.0 platformasında rəqəmsal iqtisadiyyatın inkişafının idarəetmə formalarının tədqiqi və təşkilati-iqtisadi, institutsional mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində aparılan araşdırmalar haqqında məlumat verib.
Alim “Rəqəmsal texnoloji iqtisadiyyat sektorlarının formalaşması problemlərinin araşdırılması və inkişaf səviyyəsinin qiymətləndirilməsi modellərinin işlənilməsi” mövzusunda olan elmi-tədqiqat işi çərçivəsində texnoloji iqtisadi inkişafın yaşıllaşdırılmasının rəqəmsal transformasiya problemlərinin tədqiqi, müvafiq tövsiyələrin işlənilməsi, rəqəmsal yaşıl iqtisadiyyatın formalaşması və inkişafı üzrə beynəlxalq təcrübənin müqayisəli analizi ilə bağlı tədqiqatların aparıldığını, məqalə və tezislərin hazırlandığını söyləyib.
Şöbə rəhbərinin sözlərinə görə, il ərzində texnoloji iqtisadi inkişafın formalaşmasının sirkulyar iqtisadiyyat mexanizmləri və texnologiyalarının işlənilməsi, blokçeyn iqtisadiyyatının formalaşması və blokçeyn texnologiyalarının perspektiv tətbiqi problemlərinin tədqiqi, rəqəmsal transformasiyalar şəraitində COP29 çağırışlarından ölkə üzrə irəli gələn problemlərin tədqiqi və onların konseptual həll istiqamətləri, süni intellekt əsasında texnoloji iqtisadiyyat sektorlarının formalaşdırılması problemlərinin təhlili və həlli mexanizmlərinin işlənilməsinin konseptual əsasları ilə bağlı araşdırmalar da aparılıb.
O bildirib ki, rəqəmsal iqtisadiyyatın kiberdayanıqlığının yüksəldilməsi üçün təklif və tövsiyələrin işlənilməsi çərçivəsində rəqəmsal iqtisadiyyatın formalaşmasının qlobal problemlərinin tədqiqi, ölkədə rəqəmsal iqtisadiyyatın formalaşması üzrə mövcud vəziyyətin təhlili və qiymətləndirilməsi məsələləri mərhələlərlə fəaliyyət planına daxil edilmişdir.
Şöbə müdiri cari il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi nəşrlərdə çapı olunan məqalələr, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak ilə bağlı məlumatları diqqətə çatdırıb.
Prof. Əlövsət Əliyev Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutu, Rusiya EA İdarəetmə Problemləri İnstitutu, eləcə də ölkəmizin universitetləri ilə elmi əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülən işləri diqqətə çatdırıb.
Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbənin hesabatı ilə bağlı fikirlərini bölüşüb. Akademik süni intellekt əsaslı texnoloji iqtisadiyyat, sirkulyar iqtisadiyyat, o cümlədən blokçeyn texnologiyasının iqtisadiyyata tətbiqi problemləri ilə bağlı fundamental tədqiqatların aparılmasının zəruriliyini vurğulayıb. Əməkdaşların elmi tədqiqatların daha da dərinləşdirilməsi, aparılan araşdırmaların nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunması üçün yeni məqalələrin hazırlanması və kadr potensialının gücləndirilməsinə dair təklif və tövsiyələr verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.