AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə, “Media Savadlılığı” Həftəsi çərçivəsində yayımlanan podkastda çıxış edib. Akademik çıxışında informasiya-kommunikasiya texnologiyalarının və süni intellektin sürətlə inkişaf etdiyi müasir dövrdə media savadlılığının əhəmiyyəti, yeni çağırışlar, eyni zamanda dezinformasiyalar və onlara qarşı mübarizə ilə bağlı dövlət siyasətindən bəhs edib.
AMEA-nın vitse-prezidenti son illər rəqəmsal texnologiyalar və süni intellektin sürətli inkişafı nəticəsində kütləvi informasiya vasitələri sahəsində yeni imkanlarla yanaşı, ciddi risklərin də yarandığını, bu səbəbdən həm jurnalistlərin, media nümayəndələrinin, həm də vətəndaşların qarşısında ciddi vəzifələrin dayandığını vurğulayıb. Akademikin sözlərinə görə, müasir cəmiyyətdə media savadlılığı yalnız informasiya əldə etmək bacarığı deyil, eyni zamanda informasiyanın doğruluğunu, dəqiqliyini yoxlamaq, onun mahiyyətini və kontekstini düzgün anlamaq, zərərli və manipulyativ məzmunu ayırd etmək qabiliyyətidir.
Akademik Rasim Əliquliyev media savadlılığının təməlində rəqəmsal savadlılıq və informasiya mədəniyyətinin dayandığını deyib, informasiya ilə düzgün davranmaq, onu yadda saxlamaq, məqsədyönlü və etik şəkildə istifadə etməyin ümumi mədəniyyətin tərkib hissəsi olduğunu söyləyib.