Akademik Rasim Əliquliyev: “Rəqəmsal transformasiyalar və süni intellektin inkişafı yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasını zəruri edir”

23 Dekabr 2025 - 10:30 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev: “Rəqəmsal transformasiyalar və süni intellektin inkişafı yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasını zəruri edir”

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Texniki Universitetinin (AzTU) 75 illiyinə həsr olunmuş tədbirdə çıxış edib.

Alim əvvəlcə Azərbaycan elmi ictimaiyyəti adından universitetin rəhbərliyini və professor-müəllim heyətini, bütün məzunları, tələbələri salamlayıb, AzTU-nun 75 illiyi münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edib və bu əlamətdar yubiley tədbirində iştirak etməkdən məmnunluğunu ifadə edib.

AMEA-nın vitse-prezidenti AzTU-nun yarandığı gündən bu günədək şərəfli və zəngin inkişaf yolu keçdiyini qeyd edərək bildirib ki, istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində bu ali təhsil müəssisəsinin əsas missiyası dövlətə və cəmiyyətə xidmət etmək, sənayenin müxtəlif sahələri üçün yüksəkixtisaslı mühəndis kadrları yetişdirməkdən ibarət olmuşdur.

Akademik Rasim Əliquliyev çıxışında Azərbaycan Texniki Universitetinin 75 il ərzində iki mühüm intibah mərhələsindən keçdiyini bildirib. Alim vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda sənaye cəmiyyətinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmiş, Bakı Məişət Kondisionerləri Zavodu, “Radiozavod”, Elektron Hesablama Maşınları Zavodu, “Ulduz” Zavodu və digər istehsal müəssisələrinin yaradılması ölkədə yeni texnoloji mərhələnin əsasını qoymuşdur.

“Bu istiqamətdə həyata keçirilən tədbirlər, formalaşan yeni texnoloji reallıqlar sənayenin tələblərinə cavab verən yüksəkixtisaslı mühəndis və texniki kadrların hazırlanmasını zəruri etmişdir”, – deyə qeyd edən akademik bildirib ki, məhz həmin dövrdə Azərbaycan Texniki Universiteti də sürətli inkişaf mərhələsinə daxil olaraq, ölkənin sənaye və texnoloji potensialının formalaşmasında aparıcı ali təhsil ocaqlarından birinə çevrilmişdir.

Akademik Rasim Əliquliyev Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin olunduğunu, Azərbaycanın vətəndaş müharibəsi təhlükəsindən xilas edildiyini bildirib. İnstitutun baş direktorunun sözlərinə görə, dünyada gedən texnoloji proseslərə uyğun olaraq 2003-cü ildə ölkəmizdə də “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” qəbul edilib. Həmin dövrdə AzTU-nun kompüter mühəndisliyi, telekommunikasiya, peyk rabitəsi və digər yüksək texnologiyalar sahəsində kadr hazırlığında aparıcı ali təhsil müəssisələrindən birinə çevrildiyini qeyd edən alim bu mərhələni universitetin ikinci intibah dövrü kimi xarakterizə edib.

AMEA-nın vitse-prezidenti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyinin təmin olunması, ölkəmizdə qlobal çağırışlara adekvat inkişaf strategiyalarının həyata keçirilməsi, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi və süni intelektin inkişafı əmək bazarında mühəndis peşəsinin nüfuzunun artmasına, bu sahədə yüksəkixtisaslı kadrlara olan tələbatın yüksəlməsinə əlverişli şərait yaratdığını vurğulayıb.

“Bu gün dövlət idarəçiliyində və müxtəlif qurumların fəaliyyətində müasir texnologiyaların geniş tətbiqi mühəndislər qarşısında yeni vəzifələr və məsuliyyətlər qoyur”, – deyən akademik Rasim Əliquliyev bildirib ki, Azərbaycan reallıqlarının rəqəmsal platformalara transformasiya olunması kontekstində Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində səsləndirdiyi fikirlər xüsusi aktuallıq kəsb edir. Dövlət başçısı həmin çıxışında və son illərdə qəbul edilmiş strateji sənədlərdə süni intellekt, rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik sahəsində kadr hazırlığının əhəmiyyətini ön plana çıxarmışdır.

Alim Azərbaycan Texniki Universitetində beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ixtisaslaşmış mərkəzlərin yaradılması və digər strateji layihələrin həyata keçirilməsi istiqamətdə görülən işləri yüksək qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.