Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə ETN İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Həşimova 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
K.Həşimovaya diplom AAK-ın sədri, professor Famil Mustafayev tərəfindən 05.12.2025-ci ildə Ali Attestasiya Komissiyasında təqdim olunmuşdur.
“İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi çərçivəsində internet-reklamın inkişaf perspektivləri, xüsusiyyətləri və imkanları araşdırılmış, müvafiq istiqamətdə mövcud problemlər müəyyənləşdirilmişdir.
Tədqiqat çərçivəsində veb-saytlarda reklam və marketinq məsələlərinin səmərəli həllində müştəri fikirlərinə əsasən, veb-resursların qiymətləndirilməsi üçün metod və alqoritmlər, internet-reklam kampaniyasının effektivliyinin dinamik dəyişməsi modeli, eləcə də internet reklam və marketinqdə istifadəçi məlumatları əsasında tövsiyə sistemləri üçün metod və alqoritm işlənilmiş, əldə olunan elmi nəticələrin yoxlanılması məqsədilə eksperimentlər aparılmışdır.
Dissertasiya işində ilk dəfə olaraq ümummilli iqtisadi təhlükəsizlik kontekstində və süni intellekt texnologiyalarından istifadə etməklə əlçatan mənbələrdən məlumatların toplanması ilə şirkətlərə reklam-marketinq xidmətlərinin göstərilməsi, marketinq siyasətinin qurulması və vahid rəqəmsal onlayn bazarın formalaşdırılması üçün sistemlər təklif edilmişdir. İnternet mühitində reklam-marketinq işlərinin yüksək səviyyədə təşkili üçün ən son metod, model və texnologiyalardan istifadə olunmuşdur.
Qeyd edək ki, K. Həşimova 1983-1989-cu illərdə Azərbaycan Texniki Universitetinin (Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu) “Elektron hesablayıcı maşınları” ixtisası üzrə ali təhsil almışdır.1985-ci ildən AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda (Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi) texnik, proqramçı, elmi işçi, sektor müdiri vəzifələrində işləmişdir. Hazırda institutda baş mütəxəssis vəzifəsində çalışır.
O, AMEA-nın ictimai həyatına dair “Fotoqalereya” bazasında müxtəlif məlumatların – mətn, foto, audio, video tipli materialların sistemləşdirilməsi və korporativ istifadəsinin təmin edilməsi üçün e-elmin tərkib hissəsi kimi rəqəmsal multimedia informasiya sisteminin yaradılması və istismarının təşkilində fəal iştirak etmişdir. K.Haşımova həmçinin AMEA-nın www.science.az portalının yaradılmasında xidməti olan mütəxəsssislərdən biridir.
K.Həşimova hazırda süni intellektə əsaslanaraq Dördüncü Sənaye İnqilabı texnologiyaları vasitəsi ilə insan həyatının qorunması istiqamətdə tədqiqatlarını davam etdirir.
Kəmalə Həşimovanı İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından elmi nailiyyətlərinə və fəlsəfə doktoru elmi dərəcəsini aldığına görə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq!