Akademik Rasim Əliquliyev: “Sürətlə inkişaf edən rəqəmsal texnologiyalar əmək bazarında mühəndislik peşələri üzrə biliklərin fasiləsiz olaraq yenilənməsini zəruri edir”

12 Dekabr 2025 - 10:42 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev: “Sürətlə inkişaf edən rəqəmsal texnologiyalar əmək bazarında mühəndislik peşələri üzrə biliklərin fasiləsiz olaraq yenilənməsini zəruri edir”

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Konstitusiya və Suverenlik İli” və Azərbaycan Texniki Universitetinin (AzTU) 75 illiyi çərçivəsində AzTU Məzun Assosiasiyasının II Zirvə Görüşündə çıxış edib. Alim əvvəlcə AMEA-nın rəhbərliyi və ETN İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından bütün məzunları, universitetin rəhbərliyini və professor-müəllim heyətini salamlayıb.

Tədbirin “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayan akademik Rasim Əliquliyev bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və Azərbaycan Respublikasının suverenliyinin tam təmin olunması ölkənin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Alim cari ilin yanvar ayında təsdiqlənmiş “Rəqəmsal İnkişaf Konsepsiyası”, mart ayında qəbul edilmiş “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” və digər mühüm strateji sənədlərin dövlət siyasətinin kursunu müəyyənləşdirən strateji yol xəritələri olduğunu qeyd edib, bu istiqamətdə həyata keçirilən komplesk tədbirlərin Azərbaycanın texnoloji suverenliyinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti IV Sənaye İnqilabı və süni intellekt texnologiyalarının Azərbaycanın elmi və texnoloji inkişaf strategiyasının əsas prioritetlərinə çevrildiyini qeyd edib. AzTU məzunlarını Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı süni intellekt, rəqəmsal texnologiyalar və kibertəhlükəsizliyin inkişafına dair irəli sürdüyü fikirləri əsas götürməyə, müəyyənləşdirdiyi strateji vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə çağırıb.

Alim hazırda dünyada gedən rəqəmsal transformasiyalar, qlobal proseslər və IV Sənaye İnqilabının yaratdığı reallıqlar, xüsusən də,  süni intellektin böyük sürətlə əksər sahələrə nüfuz etməsi nəticəsində mühəndislik peşəsinin əmək bazarında aparıcı mövqeyə yüksəldiyini deyib. Bildirib ki, cəmiyyətin idarə olunmasında və inkişafında rəqəmsal texnologiyaların rolunun artması yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasını zəruri edir.

Akademik bu gün mühəndisliyin yalnız texnoloji biliklər tələb edən sahələrlə məhdudlaşmadığını, yeni istiqamətlərin formalaşdığını qeyd edib: “Siyasi mühəndislik, maliyyə mühəndisliyi, dil mühəndisliyi və s. kimi peşələr artıq bu günün reallığıdır. Məhz buna görə mühəndislik XXI əsrin ən strateji peşələrindən birinə, sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir”.

Müasir dövrdə məzun anlayışının əvvəlki illərdən köklü şəkildə fərqləndiyini söyləyən AMEA-nın vitse-prezidenti, əmək bazarında mühəndislik peşələri üzrə biliklərin tədricən köhnəldiyini, sürətlə baş verən rəqəmsal transformasiyalar, yeni texnoloji çağırışlar fonunda dinamizm və davamlı olaraq yeni bilik və bacarıqların əldə olunmasını tələb etdiyini diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev ali məktəblərdə fasiləsiz təhsil mexanizmlərinin işlənilməsinin, davamlı təhsil konsepsiyasının hazırlanmasının vacibliyindən də danışıb. Bildirib ki, məzunlar əmək bazarında yaranan yeni peşələrin tələblərinə cavab vermək, rəqabətə davam gətirə bilmək üçün daim yeni bilik və bacarıqları mənimsəməli, təhsil aldıqları universitetin professor-müəllim heyətilə əlaqələri itirməməlidir: “Bu proses müasir dövrün tələblərinə cavab verən intellektual insan resurslarının yetişdirilməsinə, universitetin təhsil mühitinin təkmilləşdirilməsinə və elmi potensialının inkişaf etdirilməsinə mühüm töhfə verəcək”.

Alim həmçinin Azərbaycan Texniki Universiteti və İnformasiya Texnologiyaları İnstitutu arasında imzalanmış Anlaşma Memorandumundan bəhs edib. Elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Memorandumdan irəli gələn vəzifələrin icrası istiqamətində elm və təhsilin inteqrasiyası, tədrisin keyfiyyətinin yüksəldilməsi və yüksəkixtisaslı kadr hazırlığı ilə bağlı  mühüm tədbirlərin həyata keçirildiyini, hər iki qurumun əməkdaşlarının bu prosesdə fəal iştirak etdiklərini deyib.

Çıxışının sonunda akademik Rasim Əliquliyev AzTU-nun məzunlarını İnformasiya Texnologiyaları İnstitutunun elmi-texnoloji potensialından, maddi-texniki bazasından səmərəli istifadə etməyə, daim öz üzərində çalışaraq rəqəmsal transformasiyaların tempinə uyğun fəaliyyət göstərməyə çağırıb. İnstitutun AzTU-da yeni məzun siyasətinin, fasiləsiz təhsil mexanizminin formalaşdırılması və gənclərə qabaqcıl elmi-texnoloji biliklərin ötürülməsində hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.