ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclasında bu elmi qurumda proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi problemləri üzrə 2025-ci ildə aparılmış tədqiqatlar barədə məlumat verilib.
Şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi struktur bölmədə cari il ərzində elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri, keçirilmiş elmi seminarlar və s. haqqında ətraflı danışıb.
Dos. T.Kazımov “Sosial mühəndislikdə proqram sistemlərinin istismarı prosesində meydana çıxan insidentlərin intellektual analizi və tövsiyələrin verilməsi” mövzusu üzrə proqram sistemlərinin istismarı prosesində meydana çıxan insidentlərin intellektual analizi və konseptual modelin işlənməsi, eləcə də proqram sistemlərinin istismarı prosesində meydana çıxan səhvlərin klasterləşdirilməsi üçün metodun işlənməsi istiqmətində tədqiqatların aparıldığını qeyd edib.
Şöbə rəhbəri “Proqram sistemlərinin dayanıqlılığının artırılması üçün metod və modelin işlənməsi” mövzusunda aparılan tədqiqatlar barədə də məlumat verib. Bildirib ki, proqram sistemlərinin dayanıqlığının artırılması üçün qeyri-səlis neyron şəbəkə əsasında model tətbiq olunmuş, proqram kodunun obfuskasiyasının elmi-nəzəri problemləri araşdırılmış, proqram məhsullarının həyat tsikli üzrə vizuallaşdırılması üçün mövcud model və vasitələrin müqayisəli təhlili aparılmış və məqalələr hazırlanmışdır. Həmçinin 2025-ci ildə “Uşaqların İnternetdə informasiya təhlükəsizliyinin təmin edilməsi üçün milli ekosistemin işlənməsi” mövzusu üzrə Uşaq Müdafiəsi Ekosisteminin mahiyyəti və problemlərin araşdırıldığını, uşaqların İnternet asılılığının qiymətləndirilməsi üçün metodun işlənildiyini diqqətə çatdırıb.
Dos. T. Kazımov hesabat dövründə Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli konfranslarda 7 məqalənin və 7 konfrans materialının çap olunduğunu vurğulayıb.
Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik hesabatı ilə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirib. O, struktur bölmədə müasir dövrün çağırışlarına uyğun elmi istiqamətlər üzrə aparılan tədqiqatları yüksək qiymətləndirib. Akademik proqram sistemlərini hədəf alan kibertəhlükələrin artdığını, bu kontekstdə süni intellektin tətbiqi, proqram sənayesinin suverenliyinin təmin olunması kimi məsələlərin ətraflı şəkildə araşdırılmasının zəruriliyini vurğulayıb.
Akademik R.Əliquliyev həmçinin 2026-cı ildə proqram mühəndisliyinin elmi-nəzəri problemləri və ölkənin kibersuverenliyi problemlərinə həsr ediləcək elmi sessiyanın təşkili ilə bağlı təkliflərini diqqətə çatdırıb. Baş direktor həmçinin proqram məhsullarının həyat tsikli üzrə vizuallaşdırılması istiqamətində əldə olunan nəticələrin institutun elmi seminarında müzakirəyə çıxarılmasını tövsiyə edib.
Elmi şuranın qərarı ilə şöbənin illik hesabatı qənaətbəxş hesab olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.