Akademik Rasim Əliquliyev SABAH tələbələrinə ustad dərsi keçib

31 Oktyabr 2025 - 09:43 | Görüşlər

AR Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutunda ETN Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə ölkənin müxtəlif ali məktəblərində təhsil alan SABAH tələbələri ilə görüş keçirilib. Görüşdə İnformasiya Texnologiyaları İnstitutunun aparıcı alim və mütəxəsissləri, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, eləcə də SABAH qruplarının məsul nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər.

Görüşdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev “Kompüter elmləri”, “İnformasiya təhlükəsizliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları” və digər müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrə ustad dərsi keçib.

Akademik Rasim Əliquliyev əvvəlcə gənclərə İnformasiya Texnologiyaları İnstitutunun yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, burada həyata keçirilən elmi-innovativ layihələr, dövlətin strateji maraqlarına xidmət edən prioritet istiqamətlərdə aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib. İnstitutda süni intellekt, data science, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik, dərin təlim, böyük verilənlərin analitikası istiqamətində araşdırmaların aparıldığını, əldə olunan mühüm elmi nəticələrə dair məqalələrin nüfuzlu beynəlxalq jurnallarda çap olunduğunu deyib. İnstitutun dövlət proqramları, strategiyalar, yol xəritələri və digər mühüm dövlət sənədlərinin icrasında fəal iştirak etdiyini bildirib.

İnstitutun baş direktoru dövlət başçısı cənab İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı müvafiq Fərmandan irəli gələn vəzifələrin icrası istiqamətində ölkənin elmi qurumları və ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq münasibətlərinin təşkilinin zəruri olduğunu vurğulayıb.

“Elmin əsas vəzifələrindən biri də əldə olunmuş qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, müasir dövrün tələblərinə cavab verən intellektual insan resurslarının yetişdirilməsi, eyni zamanda milli iqtisadiyyatın inkişafına dəstək göstərilməsindən ibarətdir”, – deyə alim vurğulayıb.

Sonra görüş tələbələrlə dialoq formatında davam edib. Akademik Rasim Əliquliyev gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırıb. 

Alim tələbələrlə qlobal trendlər hesab olunan süni intellekt, IV Sənaye İnqilabı və İnternetin transformasiyası kontekstində ölkəmizdə mövcud reallıqlar, yeni tendensiyalar, o cümlədən həyata keçirilən dövlət siyasəti ilə bağlı fikir və mülahizələrini bölüşüb.

Akademik Rasim Əliquliyev əmək bazarının xarakterinin tədricən dəyişməsi nəticəsində yeni peşələrin meydana çıxdığını, proqram mühəndisliyi, kompüter mühəndisliyi, data elmləri, data mühəndisliyi, kibertəhlükəsizlik, rəqəmsal kriminalistika sahəsində yüksəkixtisaslı kadrlara, innovativ gənclərə tələbatın daha da artdığını bildirib. Tələbələri daim öz bilik və təcrübələrini artırmağa, elmi fəaliyyətlə məşğul olmağa çağıran alim, institutun bu istiqamətdə hər zaman dəstək göstərməyə hazır olduğunu qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.