İnstitutda elektron dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat layihəsinin icra vəziyyəti müzakirə olunub

10 Oktyabr 2025 - 15:15 | Konfranslar, İclaslar

AR Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutunda ETN tərəfindən maliyyələşdirilən “Kibersuveren dövlətin formalaşdırılması və onun informasiya təhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” adlı elmi-tədqiqat layihəsi üzrə cari ildə görülən işlərin müzakirəsinə həsr olunmuş seminar keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev bildirib ki, elmi-tədqiqat layihələrində aktiv iştirak institutun elmi fəaliyyətinin effektivliyini artırmaqla yanaşı, əldə olunan nəticələrin ictimaiyyətə təqdim edilməsinə mühüm töhfə verir.

Akademik R.Əliquliyev qeyd edib ki, seminarın əsas məqsədi layihə çərçivəsində cari ildə aparılan tədqiqatların vəziyyətinin və əldə olunan nəticələrin qiymətləndirilməsidir. O, vurğulayıb ki, layihə kibersuveren dövlət konsepsiyasının formalaşdırılması, onun etibarlılıq, təhlükəsizlik və dayanıqlılıq mexanizmlərinin işlənilməsi baxımından mühüm strateji əhəmiyyət kəsb edən tədqiqatları əhatə edir. Alim həmçinin aparılan tədqiqatların nəticələrinin institutda keçiriləcək “Konstitusiya və suverenlik ili” və Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş “Dövlətin kibersuverenliyinin təmin olunmasının aktual elmi-nəzəri və praktiki problemləri” mövzusunda elmi sessiyada təqdim olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Daha sonra layihə iştirakçıları ilin ikinci və üçüncü rüblərində yerinə yetirilmiş işlər barədə hesabat təqdim ediblər. Tədqiqat istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sonda akademik Rasim Əliquliyev layihə çərçivəsində həyata keçirilən araşdırmaların ölkə elminin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə inamını ifadə edib, elmi problemlərlə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.