Elm və Təhsil Nazirliyi tədqiqatçıların beynəlxalq akademik informasiya bazalarına çıxış imkanlarını genişləndirir

09 Oktyabr 2025 - 14:51 | Mühüm hadisələr
Elm və Təhsil Nazirliyi tədqiqatçıların beynəlxalq akademik informasiya bazalarına çıxış imkanlarını genişləndirir

AR Elm və Təhsil Nazirliyi (ETN) nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatlara, eləcə də ali təhsil müəssisələrinə dünyanın aparıcı nəşriyyatları – Springer, Sage, Cambridge University Press, Elsevier, Emerald, Springer Nature və digər nəşriyyatların resurslarını özündə birləşdirən ProQuest Central akademik informasiya bazasının xidmətlərindən yararlanmaq imkanı təqdim edilib.

Bu barədə AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının iclasında məlumat verib. Alim qeyd edib ki, ETN elm və təhsilin inkişafına daha çox resursun cəlb olunması, yüksək intellektual potensiala malik kadrların yetişdirilməsi, ölkənin elmi-tədqiqat və ali təhsil müəssisələri üçün beynəlxalq elmi bazalara çıxış imkanlarının təqdim olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Akademik R.Əliquliyev ETN tərəfindən alimlərə və elmi-tədqiqat müəssisələrinə beynəlxalq elmi bazalara inteqrasiya imkanlarının genişləndirilməsi istiqamətində göstərilən dəstəyin əhəmiyyətini vurğulayıb, görülən işləri yüksək qiymətləndirib. Xüsusilə bu yaxınlarda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Clarivate şirkəti arasında bağlanmış müqavilənin önəminə toxunaraq müqavilə əsasında təsis edilən tam mətnli akademik informasiya bazası olan ProQuest Central bazasının 123 müəssisənin limitsiz istifadəsinə təqdim olunduğunu diqqətə çatdırıb.

İnstitutun baş direktoru bildirib ki, bu addım elmi-tədqiqat fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, həmçinin elmi nəticələrin beynəlxalq elmi məkana inteqrasiyasına mühüm töhfə verəcək. Həmçinin müqavilə elmi müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi və nəticələrin monitorinqi baxımından da yeni imkanlar açacaq.

AMEA-nın vitse-prezidenti institutun əməkdaşlarının bu xidmətlərdən istifadə səviyyəsinin daha da yüksəldilməsinin zəruri olduğunu deyib. Qeyd edib ki, 100-dən artıq mövzunu əhatə edən multidissiplinar akademik informasiya bazası olan ProQuest Central elmi məqalələrin axtarışı, analizi prosesini asanlaşdırmağa xidmət edən “ProQuest Research Assistant” adlı süni intellekt aləti ilə birgə təqdim olunur. Alimin sözlərinə görə, ProQuest Central akademik bazasına həm müəssisə daxilində, həm də müəssisədən kənarda korporativ elektron poçt vasitəsilə giriş imkanı əldə etmək mümkündür.

Akademik R.Əliquliyev çıxışının sonunda institutun alim və mütəxəssislərini bu kimi beynəlxalq resurslardan fəal şəkildə istifadə etməyə, tədqiqat fəaliyyətlərini dərinləşdirməyə və ölkəmizdə əldə olunan elmi nəticələrin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməyə çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.