Veb-texnologiyaların müasir vəziyyəti və elmi-texnoloji aspektləri araşdırılacaq

16 Yanvar 2015 - 11:00 | Konfranslar, İclaslar
Veb-texnologiyaların müasir vəziyyəti və elmi-texnoloji aspektləri araşdırılacaq

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olunub. Cari ildə görüləcək işlər haqqında məlumat verən şöbə müdiri Gülnarə Nəbibəyova  şöbədə aparılan elmi-tədqiqat işlərini diqqətə çatdırıb. O, e-dövlətin formalaşması problemləri istiqamətində xarici siyasət sahəsində OLAP texnologiyaları əsasında qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənilməsi üzrə araşdırmaların cari ildə yekunlaşdırılmasının nəzərdə tutulduğunu söyləyib. Şöbə əməkdaşları tərəfindən terminoloji informatikanın formalaşması, İnternetin tənzimlənməsi, virtual məkanda Azərbaycan dilinin tətbiqi, İnternet-medianın problemləri istiqamətlərində araşdırmaların davam etdiriləcəyini qeyd edib.

G.Nəbibəyova cari ildən veb-texnologiyaların müasir vəziyyəti və elmi-texnoloji aspektləri, veb-statistika mexanizmlərinin araşdırılması və digər istiqamətlərdə elmi araşdırmaların aparılacağını vurğulayıb.

Sonra şöbə müdiri institutun www.ict.az saytının 2015-ci il üçün fəaliyyət planını təqdim edib. Saytın daimi istismarının həyata keçirilməsi, müxtəlif göstəricilər üzrə statistik məlumatların yığılması və emalı, saytın informasiya təminatı ilə bağlı görülən işləri nəzərə çatdıran G.Nəbibəyova bu istiqamətdə elmi-texnoloji və təşkilati tədbirlərin 2015-ci ildə də davam etdiriləcəyini bildirib.

Şöbə müdiri müxtəlif təşkilatların, eləcə də şəxslərin saytlarının yaradılması və təkmilləşdirilməsi istiqamətində görüləcək işləri də diqqətə çatdırıb. 

Bundan əlavə, elmi-tədqiqat və innovasiya işlərinin КİV-də təbliği və bu istiqamətdə elmi-populyar məqalələrin nəşri, şöbədaxili seminarların keçirilməsi, müxtəlif təyinatlı kitabların hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, həmçinin İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlərin nəzərdə tutulduğunu bildirib. 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini bildirib. Sonda plan layihəsinin institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.