Akademik Rasim Əliquliyev: “İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarları tədqiqatçılar üçün intellektual dialoq platformasına çevrilməlidir”

30 Sentyabr 2025 - 17:10 | Konfranslar, İclaslar
Akademik Rasim Əliquliyev: “İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarları tədqiqatçılar üçün intellektual dialoq platformasına çevrilməlidir”

Hər bir elmi məruzə hazırlanarkən dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, qəbul etdiyi dövlət proqramları, eləcə də digər mühüm sənədlərdən irəli gələn vəzifələr nəzərə alınmalı, elmi seminarlar cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən aktual problemlərin həllinə yönəldilməlidir.

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Elmi şuranın iclasında institutun elmi seminarlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında çıxışı zamanı bu fikirləri səsləndirib.  Alim institutda tədqiqat mühitinin təkmilləşdirilməsi, elmi seminarların keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, müvafiq qərarların qəbul edildiyini söyləyib.

Akademik Rasim Əliquliyev intellektual müzakirələrin aparılması üçün əhəmiyyətli platforma olan elmi seminarlarda hər bir tədqiqatçının mütəmadi olaraq iştirak etməsinin zəruriliyindən danışıb. Alimin sözlərinə görə, elmi seminarların əsas məqsədi aktual problemlərə dair fikir mübadiləsi aparmaq, dissertasiya işləri çərçivəsində aparılan tədqiqatlarla tanış olmaq, eləcə də doktorant və dissertantlara elmi fəaliyyətlərində intellektual dəstək göstərməkdir. Alim seminarlarda təqdim olunacaq problemlərin miqyası, meydana gəldiyi şərait, elmi statusu, əhatə etdiyi elm sahələri, aktuallıq dərəcəsi və araşdırılma vəziyyətinin konkretləşdirilməsinin vacibliyini vurğulayıb.

Müasir dövrdə elmin təşkili və menecmenti məsələsinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən alim, elmi seminarların faydalı biliklərin əldə olunması və şəffaf müzakirə mühitinin yaradılması baxımından da önəmli platforma olduğunu deyib.

Akademik R.Əliquliyev hər bir elmi problemin geniş müzakirəyə çıxarılmasının, intellektual təhlillərin aparılmasının elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsinə və daha səmərəli elmi mühitin yaradılmasına xidmət etdiyini vurğulayıb. Alim və mütəxəssislərə bu prosesdə fəal olmağı, təşəbbüskarlıq nümayiş etdirməyi və öz səylərini birləşdirməyi tövsiyə edib.

İclasda həmçinin institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və elmi katib Nərmin Adıgözəlova çıxış edərək institutda elmi seminarların yeni formatda, müasir yanaşmalar əsasında təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Bu seminarların qısa müddət ərzində səmərəli nəticələr verəcəyinə, iclaslarda yüksək keyfiyyətli, fundamental elmi məruzələrin təqdim olunacağına əminliklərini ifadə ediblər.

Bildirilib ki, keyfiyyətli elmi seminarların təşkili yüksəkixtisaslı kadr hazırlığına töhfə verməklə yanaşı, elmi diskussiyaları gücləndirəcək, prioritet istiqamətlərdə aparılan tədqiqatların nəticələrinin nüfuzlu elmi jurnallarda öz əksini tapmasına, ölkədaxili və beynəlxalq qrant layihələrində iştirak imkanlarının genişlənməsinə gətirib çıxaracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.