Sentyabrın 27-si Azərbaycanda milli qürur və xatirə günü – Anım Günü kimi qeyd olunur.
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Elmi şuranın iclasında 27 sentyabr – Anım Günü ilə əlaqədar çıxış edib. Alim bu günün çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixində mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan xalqının müasir tarixinə qızıl hərflərlə yazıldığını, şərəf və iftixar rəmzinə çevrildiyini deyib. Bildirib ki, 2020-ci ildə məhz bu gündə Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, AR Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Akademik R.Əliquliyev Azərbaycan ordusunun vahid amal uğrunda birləşərək torpaqlarımızı işğalçılardan addım-addım təmizlədiklərini, dövlətimizin ərazi bütövlüyünü təmin etdiklərini qeyd edib. Bildirib ki, 44 gün ərzində bütün dünya azərbaycanlıları vətən uğrunda yumruq kimi birləşdilər, dövlət başçısının çağırışlarına cavab olaraq həmrəylik nümayiş etdirdilər. 30 il ərzində işğal altında qalan torpaqlarımız əsgərlərimizin misilsiz igidliyi, zabitlərimizin dəmir iradəsi, şəhid və qazilərimizin canı-qanı bahasına azad olundu.
Alim xatırladıb ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal antiterror tədbirləri isə Qarabağ Zəfərinin məntiqi davamı kimi ölkəmizin tam suverenliyinin bərqərar olmasını təmin etdi.
Akademik R.Əliquliyev II Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin aparıldığını, “ağıllı şəhər və kənd” konsepsiyası çərçivəsində müasir infrastruktur layihələrinin həyata keçirildiyini söyləyib.
“Bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin son 20 ildən artıq dövrdə ardıcıl və uzaqgörən siyasətinin bəhrəsidir”, – deyə AMEA-nın vitse-prezidenti vurğulayıb.
Alim bu tarixi həqiqətlərin və milli qürur mənbəyi olan Zəfərin gələcək nəsillərə, xüsusən gənclərə müxtəlif ictimai tribunalardan çatdırılmasının əhəmiyyətini vurğulayıb. İnstitutda fəaliyyət göstərən alim və mütəxəssisləri “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizin milli müdafiə qüdrətinin möhkəmlənməsinə, elmi-texnoloji inkişafına töhfələr verən tədqiqatları daha da genişləndirməyə çağırıb.
Çıxışının sonunda akademik R.Əliquliyev birinci və ikinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.