Sənaye 4.0 şəraitində texnoloji-iqtisadi inkişafın idarə olunması və qərar qəbuletmə mexanizmləri

26 Sentyabr 2025 - 14:46 | Konfranslar, İclaslar
Sənaye 4.0 şəraitində texnoloji-iqtisadi inkişafın idarə olunması və qərar qəbuletmə mexanizmləri

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, i.e.d., prof. Əlövsət Əliyev və institutun böyük elmi işçisi, t.ü.f.d., dos. Roza Şahverdiyevanın həmmüəllif olduqları “Sənaye 4.0 platformasında texnoloji-iqtisadi inkişaf prosesləri üzrə qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi aspektləri” adlı məruzə 6-cı Beynəlxalq “Kibernetika və İnformatikanın Problemləri” (PCI 2025) konfransında təqdim olunub.

Məruzəni təqdim edən dos. R. Şahverdiyeva Sənaye 4.0 kontekstində texnoloji-iqtisadi inkişaf proseslərində qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb. O, ölkəmizdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və digər istiqamətlərdə həyata keçirilmiş tədbirlərdən bəhs edib. Həmçinin tədqiqatda yeni nəsil texnoloji iqtisadiyyat sektorlarında fəaliyyət səmərəliliyinin artırılması məqsədilə rəqəmsal texnologiyalara əsaslanan qərar qəbuletmə mexanizmlərinin inkişafına dair mövcud elmi yanaşmaların təhlil olunduğunu qeyd edib.

Məruzəçi Sənaye 4.0 platformasında iqtisadi inkişaf proseslərinin transformasiya istiqamətlərini, rəqəmsal iqtisadiyyatda idarəetmə informasiyasının işlənməsi vasitələrini və çoxkriteriyalı qərar qəbuletmə metodlarının tətbiqi xüsusiyyətlərini izah edib. O, həmçinin konseptual model təqdim edərək qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.