ETN İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının növbəti iclası keçirilib.
Dissertasiya şurasının sədri, AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək iclasın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinə kuratorların təyin və təsdiq edilməsi məsələsinə həsr edildiyini bildirib.
Akademik Rasim Əliquliyev əvvəlcə 3339.01 – “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” və 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasları üzrə yaradılmış Dissertasiya Şurasının son iki ili əhatə edən fəaliyyəti, şurada müdafiəyə çıxarılan dissertasiya işləri haqqında ətraflı məlumat verib.
Alim ölkəmizdə elmin idarə olunması, elmi potensialın gücləndirilməsi, elmi kadrların gəncləşdirilməsi və stimullaşdırılması istiqamətində son illər həyata keçirilən islahatlardan söz açıb. O, elmin əmək bazarının tələbatına uyğunlaşdırılması, elmi fəaliyyətin dövlət siyasətinin prioritetləri ilə uzlaşdırılması, habelə elmi müəssisələrin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən mühüm tədbirləri diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti 2023-cü ildə yaradılmış Dissertasiya Şurasının fəaliyyət dövrünə də nəzər salıb. Alim bu müddətdə şuranın 7 iclasının keçirildiyini, bütün müdafiə proseslərində obyektivliyin və şəffaflığın təmin olunduğunu vurğulayıb. Akademik İnformasiya Texnologiyaları İnstitutunda artıq 4 fəlsəfə və 4 elmlər doktorluğu üzrə dissertasiya işlərinin növbəti şuralarda təqdim olunmaq üçün hazırlandığını diqqətə çatdırıb.
Daha sonra iclasda texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq iddiasında olan dosent Lyudmila Suxostatın “Kiberfiziki sistemlərin kiberdayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi təqdim edilib, bununla əlaqədar müvafiq qərarlar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.