Rəqəmsal iz verilənlərindən istifadə etməklə Azərbaycanda tədqiqatçıların miqrasiya nümunələrinin qiymətləndirilməsinə dair məruzə dinlənilib

16 Sentyabr 2025 - 10:11 | Konfranslar, İclaslar
Rəqəmsal iz verilənlərindən istifadə etməklə Azərbaycanda tədqiqatçıların miqrasiya nümunələrinin qiymətləndirilməsinə dair məruzə dinlənilib

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, t.f.d., dosent Məkrufə Hacırəhimova və böyük elmi işçisi Aybəniz Əliyevanın həmmüəlif olduqları “Rəqəmsal iz verilənlərindən istifadə etməklə Azərbaycanda tədqiqatçıların miqrasiya nümunələrinin qiymətləndirilməsi” mövzusunda məruzə 6-cı Beynəlxalq “Kibernetika və İnformatikanın Problemləri” (PCI 2025) konfransında dinlənilib.

Məruzəni təqdim edən A.Əliyeva dünyada baş verən qloballaşma prosesinin innovativ düşüncəyə və yüksək biliyə malik ixtisaslı işçi qüvvəsinin beynəlxalq mobilliyini şərtləndirdiyini qeyd edib. O, müasir dövrdə yüksəkixtisaslı insan resurslarının miqrasiyasının ölkələrin inkişaf strategiyalarına təsir edən əsas amillərdən olduğunu bildirib.

A.Əliyeva tədqiqat işində 1990-2024-cü illər ərzində Azərbaycan tədqiqatçılarının mobilliyini təhlil etmək üçün ORCID (Open Researcher and Contributor ID) istifadəçi profili məlumatlarından istifadə etməklə yaradılan verilənlər bazasının strukturunu təqdim edib. Həmçinin ORCID profillərinin qeydlərindən əldə edilən rəqəmsal iz məlumatlarının illər, elmi dərəcələr, elm sahələri və ölkələr üzrə paylanması statistikasını diqqətə çatdırıb.

Məruzəçi tədqiqatçıların miqrasiyasının qiymətləndirilməsi üçün müxtəlif statistik göstəricilər – adambaşına düşən ümumdaxili məhsul, təhsil indeksi və orta aylıq əmək haqqı əsasında çoxdəyişənli qeyri-xətti (polinomial) reqressiya modeli barədə məlumat verib. O, polinomial reqressiya modelinin xətti və digər qeyri-xətti reqressiya modelləri ilə müqayisədə daha yüksək dəqiqlik nümayiş etdirdiyini vurğulayıb.

“Tədqiqatın nəticələri ixtisaslı mütəxəssislərin cəlb olunması məqsədilə miqrasiya siyasətinin hazırlanması üçün ciddi praktiki təsirlərə malik ola bilər”, – deyən A.Əliyeva vurğulayıb ki, rəqəmsal iz məlumatlarının istifadəsi ənənəvi yanaşmaların bəzi məhdudiyyətlərini aradan qaldırmağa imkan verir. Əlavə edib ki, bu sahənin inkişafı mövcud miqrasiya statistikasının təkmilləşdirilməsinə, eləcə də əhalinin miqrasiyası ilə bağlı yeni modellərin yaradılmasına və yeni konsepsiyaların hazırlanmasına töhfə verə bilər.

Sonda, məruzə ətrafında fikir mübadiləsi aparılıb, məruzəçi ona ünvanlanan sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.