Neft-qaz sənayesinin rəqəmsallaşdırılması ilə bağlı yeni yanaşma işlənilib

01 Sentyabr 2025 - 23:51 | Konfranslar, İclaslar
Neft-qaz sənayesinin rəqəmsallaşdırılması ilə bağlı yeni yanaşma işlənilib

Aşağı hasilatlı neft quyularında enerji səmərəliliyinin yüksəldilməsinə dair yeni model təklif olunub

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru,  akademik Rasim Əliquliyev, baş mühəndis Şakir Mehdiyev və texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayevanın müəllifi olduqları “Aşağı hasilatlı neft quyularında ştanqlı nasosların ağıllı orkestrasiyası” (“Smart Orchestration of Sucker Rod Pumps in Low-Production Wells”) mövzusunda tədqiqat işi “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda VI beynəlxalq konfransda (PCI 2025) müzakirə olunub.

Məruzəni Ş. Mehdiyev təqdim edərək bildirib ki, qlobal “yaşıl keçid” prosesinə və aparıcı ölkələrin səylərinə baxmayaraq, neftə olan tələbat artmaqda davam edir. Müasir dövrdə neft təkcə enerji resursu deyil, həm də iqtisadi və siyasi təsir vasitəsi hesab olunur. Buna görə də hasil edilən hər barel neft ölkələrin iqtisadi müstəqilliyinə və milli suverenliyinə birbaşa töhfə verir. Bu baxımdan, neft hasilatının səmərəliliyinin, dayanıqlılığının və etibarlılığının artırılması strateji əhəmiyyət kəsb edir.

“Ştanqlı nasos qurğuları bir çox ölkələrdə, xüsusilə neft yataqlarının sonrakı istismar mərhələlərində geniş tətbiq olunur. Bununla yanaşı, onların enerji tutumlu fəaliyyəti enerji sisteminə əlavə yüklənmələr gətirir və istismar prosesində bir sıra çətinliklər yaradır” –  deyə tədqiqatçı əlavə edib.

O qeyd edib ki, tədqiqatda kiberfiziki sistemlər (CPS), rəqəmsal əkizlər və Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında “ağıllı orkestrasiya alqoritmi” işlənib. Təklif olunan model əsasında aparılan hesablamalar göstərib ki, bu yanaşma pik enerji istehlakını təqribən 22% azaldır, ümumi hasilatı təxminən 10% artırır, məhdud enerji resursları şəraitində də sistemin işləmə sabitliyini qoruyur.

Aparılan tədqiqatlar göstərir ki, statik idarəetmədən adaptiv idarəetmə sistemlərinə keçid aşağı hasilatlı quyuların istismarında enerji səmərəliliyini yüksəldəcək və avadanlıqların istismar müddətini uzadacaq. Bundan əlavə, bu yanaşma neft-qaz sənayesində rəqəmsallaşma və proqnozlaşdırıcı texniki xidmət sistemlərinin tətbiqi üçün yeni imkanlar açacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.