AR Elm və Təhsil Nazirliyi (ETN) İdarəetmə Sistemləri İnstitutunda (İSİ) “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfransı (PCI 2025) öz işinə başlayıb. Konfrans İSİ, ETN İnformasiya Texnologiyaları İnstitutu, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutu və Yunanıstanın Thessaly Universitetinin təşkilatçılığı ilə keçirilir.
Tədbiri giriş nitqi ilə İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq aktual elmi problemlərə həsr olunan konfransın əhəmiyyətinə toxunub. Akademik qeyd edib ki, müasir dövrdə informasiya cəmiyyətinin prioritetlərindən biri də məhz kibernetika və informatika sahələrinin inkişaf etdirilməsi və mövcud problemlərin aradan qaldırılmasıdır. Bu baxımdan ilk dəfə 1998-ci ildə Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) keçirilən konfransın önəmini diqqətə çatdıran Ə.Abbasov kibernetika və informatika sahələrinin inkişafına müvafiq olaraq silsilə şəkildə keçirilən beynəlxalq konfransın tədqiqat istiqamətlərinin də dəyişərək müasirləşdiyini bildirib. Vurğulayıb ki, konfransın mövzularının böyük bir qisminin süni intellekt texnologiyalarının hesablama resursları və riyazi modelləşdirmə kimi müxtəlif tətbiq sahələrinə həsr olunması heç də təsadüfi deyil: “Süni intellektin inkişafı qərarvermə proseslərinin optimallaşdırılmasında, böyük həcmli məlumatların təhlili və avtomatlaşdırılmasında böyük əhəmiyyətə malik olmaqla mürəkkəb idarəetmə sistemlərinin ayrılmaz hissəsinə çevrilmişdir”.
Alimin sözlərinə görə, dünya üzrə İnternet istifadəçilərinin orta göstəricisi 67 faiz təşkil edir. Azərbaycanda isə bu göstəricinin 90 faizə çatması ölkədə aparılan məqsədyönlü dövlət siyasətinin real nəticəsi kimi dəyərləndirilir. Akademik Ə. Abbasov çıxışının sonunda göstərilən dəstəyə görə həmtəşkilatçılara təşəkkürünü ifadə edib.
Sonra konfrans açılış paneli ilə öz işinə davam edib. Paneldə AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Akademik çıxışında ölkəmizdə rəqəmsal inkişafın müxtəlif istiqamətləri üzrə həyata keçirilən dövlət siyasətinin ardıcıl nəticələr verdiyini diqqətə çatdırıb. Alim cari ilin yanvar ayında təsdiqlənmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın və mart ayında qəbul edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın rəqəmsal transformasiya proseslərinin gələcək inkişafı üçün strateji yol xəritəsi rolunu oynadığını bildirib.
Akademik R.Əliquliyev bugünkü konfransın dövlət əhəmiyyətli sənədlərdə müəyyənləşdirilən hədəflərlə səsləşdiyini və ölkəmizdə aparılan elmi araşdırmaların beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Süni intellekt, bulud texnologiyaları, Əşyaların İnterneti və rəqəmsal əkizlər kimi innovativ yanaşmalar artıq Dördüncü Sənaye İnqilabının əsas aparıcı qüvvəsinə çevrilib”, – deyən AMEA-nın vitse-prezidenti Azərbaycan alimlərinin bu istiqamətdə zəngin elmi ənənəsinin olduğunu diqqətə çatdırıb. Alimin sözlərinə görə, son onilliklərdə alimlərimiz qeyri-səlis texnologiyalar, text-mining, əlyazmaların tanınması və Əşyaların İnterneti üzrə əhəmiyyətli tədqiqatlar apararaq qlobal elmi proseslərə dəyərli töhfələr veriblər.
Akademik Əliquliyev ölkəmizdə süni intellektin yaranması, inkişaf mərhələləri və tətbiq sahələri ilə bağlı əldə olunmuş elmi nailiyyətlərin sistemləşdirilməsi və ictimaiyyətə çatdırılması, eyni zamanda bu sahədə mütəxəssis hazırlığının gücləndirilməsinin zəruriliyini qeyd edib. Qeyd edib ki, Azərbaycan alimlərinin son 60 il ərzində kibernetika və informatika sahəsində apardığı araşdırmaların ümumiləşdirilməsi həm elmi tariximizin qorunması, həm də dövlətin süni intellekt siyasətinə dəstəyin təmin olunması baxımından əhəmiyyətlidir.
Akademik PCI 2025 beynəlxalq konfransının özünəməxsus ənənələrə malik olduğunu, Azərbaycan elminin kibernetika və informatika sahəsində əldə etdiyi nailiyyətlərin dünyaya tanıdılmasında mühüm rol oynadığını vurğulayıb. Bu kimi tədbirlərin həm elmi əməkdaşlığın, həm də bilik və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb etdiyini qeyd edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor Əminağa Sadıqov PCI beynəlxalq konfranslarının ardıcıl olaraq keçirildiyini və getdikcə daha geniş coğrafiyanı əhatə etdiyini bildirib. O, konfrans materiallarının nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşdirilməsinin tədbirin qlobal elm ictimaiyyəti tərəfindən tanınmasına və elmi nəticələrin daha geniş auditoriyaya çatdırılmasına şərait yaratdığını qeyd edib.
Professor Ə.Sadıqov kibernetika və informatikanın yalnız texnoloji deyil, həm də sosial, iqtisadi və idarəetmə sahələrinə təsir göstərən geniş spektrli problemləri əhatə etdiyini diqqətə çatdırıb.
Alim vurğulayıb ki, son illərdə ETN ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ölkədə keçirilən beynəlxalq və respublika səviyyəli konfranslara dair yeni tələblər hazırlayaraq elm və təhsil müəssisələrinə təqdim edib. Bu addım ölkədə təşkil olunan elmi tədbirlərin beynəlxalq standartlara uyğunluğunu təmin etməyə xidmət edir.
Prof. Ə.Sadıqov qeyd edib ki, PCI konfransları yüksək təşkilatçılıq səviyyəsi ilə seçilir və ETN tərəfindən dəstəklənir. O, nəzəri və praktiki baxımdan böyük əhəmiyyət daşıyan bu tədbirin yeni ideya və təşəbbüslərin formalaşmasına təkan verəcəyinə inamını ifadə edib. Gələcək konfranslarda praktiki istiqamətlərə daha geniş yer almasının zəruriliyini qeyd edərək, tədbirin işinə uğurlar arzulayıb.
Beynəlxalq konfransın açılış panelində həmçinin ABŞ-ın Wayne Dövlət Universitetinin professoru Boris Mordukhovich, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun professoru Orken Mamyrbayev və ABŞ-ın Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) professoru Abzetdin Adamov çıxış edərək tədbirin idarəetmə və kibernetika sahələrinin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə ediblər, konfransın işinə uğurlar arzulayıblar.
Daha sonra konfrans öz işinə plenar sessiya və seksiya iclasları ilə davam edib.
Hibrid formatda keçirilən və üç gün davam edəcək konfransda Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri, həmçinin dünyanın müxtəlif qabaqcıl ölkələrinin, o cümlədən Türkiyə, Yaponiya, Qazaxıstan, Avstriya, Özbəkistan, Ukrayna, Rusiya, Qırğızıstan, ABŞ, Belarus, Slovakiya, Çin, Gürcüstan, Bolqarıstan, Monteneqro, Yunanıstan, Macarıstan, Estoniya, Kipr, Avstraliya, Latviya, Böyük Britaniya, Fransa, Moldova, Belçika, Polşa, Kanada, Yaponiya, İsveçdən olan alim və tədqiqatçılar iştirak edirlər. Beynəlxalq konfransa ümumilikdə 240 məruzə təqdim edilib, onlardan 140 məruzə qəbul edilib. Seçilmiş məruzələrin “IEEE Xplore” elektron kitabxanasına daxil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, PCI 2025-də İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.