Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ETN) Riyaziyyat İnstitutunda Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 5-ci beynəlxalq konfrans (PLMO 2026) öz işinə başlayıb. Konfrans ETN Riyaziyyat İnstitutu, Polşanın Sileziya Texnologiya Universiteti, Çinin Quançjou Universiteti, Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universiteti və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilir.
Konfransın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış tədbirində çıxış edən ETN Riyaziyyat İnstitutunun direktoru, texnika elmləri doktoru Elxan Səbziyev son illər Azərbaycan əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu və ardıcıl dövlət siyasəti sayəsində Şərq və Qərb arasında strateji əhəmiyyətli beynəlxalq nəqliyyat və kommunikasiya körpüsünə çevrildiyini vurğulayıb.
“PLMO 2026 yalnız elmi müzakirələr üçün deyil, eyni zamanda beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı baxımından da əhəmiyyətli platformadır”, – deyə qeyd edən tex.e.d. Elxan Səbziyev konfransda əldə olunan nəticələrin logistika və nəqliyyat sahəsində elmi yanaşmaların inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, 100-dən artıq elmi məruzənin təqdim ediləcəyi konfrans dünyanın müxtəlif ölkələrindən – ABŞ, Polşa, Almaniya, Çin, Gürcüstan və Qazaxıstandan olan alim və mütəxəssisləri bir araya gətirir.
Tex.e.d. Elxan Səbziyev builki konfransın Azərbaycanda riyaziyyat və kibernetika sahələrinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Əməkdar müəllim, ETN Riyaziyyat İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadənin 75 illik yubileyinə həsr olunmasının elmi ictimaiyyətin görkəmli alimə göstərdiyi dərin ehtiramın bariz nümunəsi olduğunu xüsusi vurğulayıb. Direktor çıxışında Kamil Ayda-zadənin yüzlərlə gənc tədqiqatçının formalaşmasında və elmi kadr potensialının inkişafında əvəzsiz xidmətlər göstərdiyini də diqqətə çatdırıb.
Sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində ölkəmiz hərbi, iqtisadi, elmi və digər sahələrdə beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Alimin sözlərinə görə, bu gün Azərbaycan Asiya və Avropa məkanını əhatə edən, Qərb ölkələri ilə sıx əməkdaşlıq əlaqələrinə malik mühüm regional tərəfdaş kimi çıxış edir. O, logistika və idarəetmə sahələrində rəqəmsal texnologiyaların tətbiqinin proseslərin optimallaşdırılması, qərarqəbuletmənin keyfiyyətinin yüksəldilməsi baxımından həlledici əhəmiyyət daşıdığını xüsusi qeyd edib.
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Riyaziyyat İnstitutunun böyük elmi ənənələrə malik iki nüfuzlu elmi-tədqiqat müəssisəsinin – Riyaziyyat və Mexanika İnstitutu və İdarəetmə Sistemləri İnstitutunun varisi kimi fəaliyyət göstərdiyini, bu irsin institutun elmi potensialının əsasını təşkil etdiyini vurğulayıb.
Alim artıq beşinci dəfə keçirilən bu mötəbər beynəlxalq konfransın son illər ölkəmizdə təşkil olunan ən nüfuzlu elmi tədbirlərdən biri kimi formalaşdığını diqqətə çatdırıb. Bildirib ki, konfrans Şərq-Qərb Nəqliyyat Dəhlizi çərçivəsində mövcud elmi və praktiki problemlərin, xüsusilə logistika, rəqəmsal texnologiyalar və optimal idarəetmə mexanizmləri ilə bağlı məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycanda informasiya texnologiyaları və tətbiqi riyaziyyat sahələrinin inkişafında özünəməxsus elmi dəsti-xətti ilə seçilən AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin süni intellekt, obrazların tanınması, nitqin analizi və sintezi problemləri üzrə mühüm tədqiqatların müəllifi olduğunu bildirib. Akademik Rasim Əliquliyev görkəmli alimə İnformasiya Texnologiyaları İnstitutunun Fəxri Fərmanını təqdim edərək, ona gələcək elmi fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıb.
İnstitutun baş direktoru nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemlərinə həsr olunmuş beynəlxalq konfransın “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, eyni zamanda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ölkəmizdə keçirildiyi bir dövrdə təşkil olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
AMEA-nın vitse-prezidenti “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar alimlərin, xüsusilə rəqəmsal texnologiyalar və süni intellekt sahəsində tədqiqat aparan mütəxəssislərin qarşısında mühüm elmi vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb. AlimXXI əsrin çağırışlarına uyğun olaraq “ağıllı” şəhərlərin qurulması üçün kompleks və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulduğunu bildirərək, bu prosesdə elmin həlledici roluna diqqət çəkib. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakını xatırladaraq, həmin görüşdə süni intellektin yaratdığı imkanlar fonunda innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi məsələlərinin müzakirə olunduğunu diqqətə çatdırıb.
Akademik Rasim Əliquliyev Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsinin tərkib hissəsi olan və Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin istifadəyə verilməsinin nəzərdə tutulduğu bir mərhələdə konfransın aktuallığının daha da artdığını vurğulayıb.
Alim çıxışında həmçinin rəqəmsal və yaşıl transformasiyalar fonunda logistika infrastrukturunun intellektuallaşdırılması, “ağıllı” nəqliyyat sistemlərinin formalaşdırılması istiqamətində ölkəmizdə ardıcıl işlərin görüldüyünü qeyd edib, Azərbaycanın bu gün əldə etdiyi inkişaf göstəricilərinə görə dünya ölkələrinin diqqət mərkəzində olduğunu söyləyib.
Akademik Rasim Əliquliyev konfransın nəqliyyat infrastrukturu problemlərinin və onların rəqəmsal texnologiyalarla sintezi məsələlərinin araşdırılması baxımından mühüm elmi platforma olduğunu bildirib və bu kimi beynəlxalq tədbirlərin mütəmadi olaraq keçirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Beynəlxalq konfransda həmçinin Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun baş direktorunun müşaviri, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü Maksat Kalimoldayev, Gürcüstanın R.Dvali adına Maşın Mexanikası İnstitutunun direktoru, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü Tamaz Natriaşvili, “Nəqliyyat Problemləri” beynəlxalq elmi jurnalının baş redaktoru, Polşanın Sileziya Texnologiya Universitetinin professoru Aleksandr Sladkovski və digərləri çıxış edərək elmi tədqiqatların koordinasiyası, regional və qlobal əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi, həmçinin birgə layihələrin reallaşdırılması imkanlarından bəhs ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.