“Qarabağ və Şərqi Zəngəzurun demoqrafik profili” adlı monoqrafiya nəşr olunub

14 İyul 2025 - 15:33 | Yeni nəşrlər
“Qarabağ və Şərqi Zəngəzurun demoqrafik profili” adlı monoqrafiya nəşr olunub

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının demoqrafik mənzərəsinə həsr olunmuş yeni elmi nəşr – “Qarabağ və Şərqi Zəngəzurun demoqrafik profili” adlı monoqrafiya çapdan çıxıb. 

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, eləcə də institutun böyük elmi işçiləri – Zemfira RəhimovaMinarə Manaflının müəllifliyi ilə nəşr olunmuş monoqrafiya İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.

Kitabın elmi redaktorları – AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Şahbaz Muradov və iqtisad üzrə fəlsəfə doktoru Vahab Məmmədov, rəyçiləri isə institutun baş elmi işçisi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova və iqtisad üzrə fəlsəfə doktoru Səbinə Abbasovadır.

Monoqrafiyada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə statistik, inzibati, elmi və açıq rəsmi informasiya mənbələri əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixən yaşamış əzəli əhalinin kompleks demoqrafik analizi aparılmışdır. 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsi dövründə baş vermiş insan itkilərinin miqyası, səbəbləri və demoqrafik fəsadları araşdırılmış, məcburi kütləvi miqrasiyaya məruz qalmış populyasiyanın demoqrafik dinamikasında baş vermiş meyillər və mövcud vəziyyət müəyyənləşdirilmiş, demoqrafik fəsadların ölkənin ümumi əhalisinə təsirləri və xarakteri tədqiq edilmişdir.

Tarixi nöqteyi-nəzərdən Qarabağ əhalisinin təbii etnodemoqrafik dinamikasının transformasiyasını şərtləndirən səbəb-nəticə əlaqələri və süni etnodemoqrafik profilinin formalaşmasına təsir edən amillər təhlil olunmuş, iki əsr ərzində bölgənin erməni və azərbaycanlı əhalisinin sayının dəyişmə tendensiyalarını əks etdirən tarixi zaman sırasının vizuallaşdırması üçün metodiki yanaşma təklif edilmiş, vahid beynəlxalq statistik verilənlər bazaları əsasında Azərbaycan və Ermənistan əhalisinin müasir demoqrafik vəziyyətinin qiymətləndirilməsi və müqayisəli təhlili aparılmışdır. Qarabağ münaqişəsinin demoqrafik fəsadları, o cümlədən kütləvi miqrasiya və müvəqqəti məskunlaşma problemləri nəzərdən keçirilmiş, ən faciəli demoqrafik nəticə olan insan itkiləri tədqiqatda qəbul edilmiş beş mərhələli xronoloji çərçivə üzrə sistemləşdirilmiş, münaqişənin aktiv və passiv fazalarını əhatə edən zaman intervalları üzrə baş vermiş demoqrafik itkilər analiz olunmuşdur. Qarabağ və Şərqi Zəngəzurun əzəli əhalisinin demoqrafik və tibbi-demoqrafik hadisələr və onların proyeksiyaları üzrə 30 illik dinamikasının müfəssəl təhlili aparılmış, mövcud demoqrafik situasiya qiymətləndirilmişdir.

Qeyd edək ki, 7 fəsildən ibarət monoqrafiya ölkənin, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafının demoqrafik aspektlərinə dair elmi əsaslandırılmış məlumatların əldə edilməsində maraqlı olan dövlət qurumlarının mütəxəssisləri, elmi işçilər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.