Məlum olduğu kimi, ETN İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri Azərbaycan Texniki Universitetinin “Kibertəhlükəsizlik” kafedrasına təhkim olunmuş ixtisaslar üzrə magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuralarının işində iştirak edirlər. Bu fəaliyyətin davamı kimi, İxtisaslaşdırılmış Şuraların tərkibində institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev sədr, institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov isə üzv kimi iştirak ediblər.
Şuranın iclaslarında “kompüter mühəndisliyi” ixtisası üzrə “kompüter təhlükəsizliyi” ixtisaslaşması, “kompüter elmləri” ixtisası üzrə “dövlət informasiya sistemlərinin təhlükəsizliyi” ixtisaslaşması, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə “məlumatların mühafizəsinin təşkili” ixtisaslaşması, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (SABAH)” ixtisası üzrə “kibertəhlükəsizlik” ixtisaslaşmasında magistrantlar dissertasiya işlərini uğurla müdafiə ediblər. 3 İxtisaslaşdırımış Şurada 6 ixtisas 9 ixtisaslaşma üzrə ümumilikdə 184 magistrantın 48 dissertasiya işinin müdafiəsi baş tutub.
Qeyd edək ki, İnformasiya Texnologiyaları İnstitutu ali təhsil müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində elm və təhsilin inteqrasiyasına yönəlmiş müxtəlif təşəbbüsləri həyata keçirir. Bu istiqamətdə atılan addımlar elmi biliklərin tədris prosesinə ötürülməsi, innovativ düşüncənin formalaşdırılması və gənc kadrların yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. İnstitutun əməkdaşları müntəzəm olaraq universitetlərdə keçirilən elmi-akademik tədbirlərdə iştirak edir, magistrantlara və doktorantlara elmi rəhbərlik edir, həmçinin imtahan komissiyalarında təmsil olunmaqla bu prosesə töhfə verirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.